Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:09

«Azərbaycanı tərk edənlər haqq-ədalət axtaranlardı»


Öz ölkəsindən köçüb başqa dövlətdə yaşamaq istəyənlər dünyanın hər yerində var
Öz ölkəsindən köçüb başqa dövlətdə yaşamaq istəyənlər dünyanın hər yerində var


«İnsan azad danışmalı, azad yaşamalı, azad düşünməlidi. Amma Azərbaycanda insan azad yaşamır, azad düşünmür, azad yazmır, azad fəaliyyət göstərmir».


2005-ci ildən Norveçdə yaşayan Abbas Atilay belə deyir. O, bildirir ki, elə bu səbəblərdən Azərbaycanı üç il əvvəl tərk edib. İnsan necə olmalıdı fikrini Norveçdə dərk edib.


Abbas Atilay deyir ki, Azərbaycanda hər şey bahalaşsa da, insan ən ucuz varlıq olaraq qalmaqdadı:


«Azərbaycanda göyərtinin, hətta qatığın belə qiyməti günbəgün qalxır, amma insanın qiyməti qalxmır».


Bu baxımdan da Abbas Atilay üç il əvvəl Azərbaycanı tərk etməkdə özünü və digərlərini haqlı sayır:


«Nə üçün mən gəncliyimi Azərbaycanda məhv etməli idim…»


A.Atilaya görə, Azərbaycanı tərk edənlər var-dövlətdən çox, haqq-ədalət, azad yaşamaq üçün yer axtaranlardı.



«Azərbaycanda göyərtinin, hətta qatığın belə qiyməti günbəgün qalxır, amma insanın qiyməti qalxmır»

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev insanların miqrasiyasını müxtəlif amillərlə bağlayır. O, hesab edir ki, ən əsas səbəb daha yaxşı yaşamaq istəyidi. Yəni, bir qədər pulu olan şəxslər malik olduqları maliyyənin qorunması və saxlanmasına təminat əldə etmək istəyirlər:


«Bundan başqa, adamlar özlərinin şəxsi təhlükəsizliklərinə, uşaqlarının yaxşı təhsil almasına təminat istəyirlər ki, bu da Azərbaycanda real görünmür».


Əlövsət Əliyev deyir ki, insanlar o ölkələrə gedirlər ki, həmin yerlərdə pul qazanmaq, yaxşı həyat sürmək, uşaqların yüksək təhsil alması və s. məsələlərlə bağlı Azərbaycandakından fərqli şərait olsun.


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, adamların getdikcə varlanan ölkəni tərk etməsi ilk növbədə onların öz hüquqlarını qorumaq istəyindən irəli gəlir. Günbəgün baş verən qiymət artımı, bunun müqabilində aşağı sosial təminat insanları normal yaşayış axtarışına vadar edir. Bir qədər pula var-dövlətə malik olan orta təbəqə neft pulları gəldikcə əmlakının, pis-yaxşı qurduğu biznes sahəsinin əllərindən alınacağından ehtiyatlanır. Ə.Oruclu deyir ki, hazırda Azərbaycanda olan-qalan orta təbəqənin də müflisləşməsi prosesi getdiyindən elə ölkəni tərk edənlər də əsasən onlardı.


Ümumilikdə götürəndə isə öz ölkəsindən köçüb başqa dövlətdə yaşamaq istəyənlər dünyanın hər yerində var. Misal üçün «Gellap» şirkətinin 80-dən çox ölkədə keçirdiyi sorğuya görə, dünyanın hər 4 sakinindən biri ölkəsindən köçüb getmək istəyir. «Gellap»ın sorğu keçirdiyi ölkələr arasında Azərbaycan da var. Azərbaycanda min nəfər arasında keçirilən sorğuda respondentlərin 28%-i başqa ölkəyə köçməyə hazır olduğunu deyib. Gürcüstan və Ermənistanda bu göstərici bir-neçə faiz aşağıdı.


XS
SM
MD
LG