Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

«Azərbaycanın imitasiyasına dözümlülük limiti bitib»


«Ümid edirəm oktyabrdakı seçki beynəlxalq standartlara uyğun olacaq»
«Ümid edirəm oktyabrdakı seçki beynəlxalq standartlara uyğun olacaq»

«Ümid edirəm ki, oktyabrdakı seçki beynəlxalq standartlara uyğun olacaq. Əks təqdirdə bu, ölkə üçün pis nəticələnəcək. Dünya və AŞ PA bununla heç razı olmayacaq. Ümid edirəm ki, azad və ədalətli seçkidən sonra hökumətlə əməkdaşlığı davam etdirə biləcəyik».


Bu sözləri Avropa Şurasının Venesiya Komissiyasının sədri Canni Bukikkio iyunun 25-də Strasburqda jurnalistlərlə söhbətində söyləyib. O, deyib ki, iyulun 14-də Bakıya gələcək və ölkə rəhbərliyilə görüşəcək. Venesiya Komissiyasının sədri bildirib ki, o, «azad seçki keçirmək istəyinin» vacibliyi mesajını verəcək.


İndiyə qədər keçirilən seçkilər ərəfəsində bir çox beynəlxalq təşkilatlar, nüfuzlu ölkə təmsilçiləri Azərbaycanda azad və ədalətli seçki keçirilməsi mesajını vermiş, seçkinin beynəlxalq standartlara uyğun gəlməsi arzularını dilə gətirmişlər. Ancaq seçkilərdən sonra beynəlxalq müşahidəçilərin, xüsusilə ATƏT-in müşahidəçilərinin ölkədə keçirilən seçkilərlə bağlı rəyləri heç də müsbət olmayıb. Məsələn, sonuncu parlament seçkisindən sonra ATƏT-in müşahidə missiyası seçki məntəqələrinin 43 faizində nəticələri şübhə altına almışdılar. Yerli ekspertlər isə bu rəydən sonra yenidən seçki keçirilməsini vacib saymışdılar. Amma həm bu seçkidən, həm də əvvəlki seçkilərdən sonra bir çox beynəlxalq qurumlar seçki prosesindəki qanunsuzluqları, saxtakarlıqları sadalayıb sonunda seçki nəticələrini qəbul etmişdilər. Bəs «seçki saxtakarlığı» ifadəsi altında nə baş verməlidi ki, beynəlxalq təşkilatlar, dünya siyasətinə təsir edən ölkələr nəticəni tanımasınlar, ən yaxşı halda yeni seçki keçirilməsini tələb etsinlər?


Müsavat Partiyasının funksioneri Sülhəddin Əkbərin fikrincə, seçki prosesində baş verə biləcək istənilən miqyasda qanunsuzluq xarici təşkilatların, Azərbaycana təsiri olan ölkələrin yekun rəyini sərtləşdirməyəcək. Onun fikrincə, enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol buna imkan vermir: «Azərbaycanın enerji resurslarıyla zəngin olması bu ölkəylə bağlı verilən siyasi qərarlara təsir edir».


İqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc isə hesab edir ki, əgər seçki prosesində hər hansı saxtakarlıq baş versə, bu barədə ölkə rəhbərliyi ölçü götürəcək:


«Baş verən hər hansı saxtakarlığın nəticəsini ilk olaraq ölkə başçısı, prezidentliyə namizəd İlham Əliyev tanımayacaq».


ABŞ səfirliyinin Azərbaycandakı səfirliyinin əməkdaşı Conatan Henik isə indidən nüfuzlu qurumları hiddətləndirə biləcək qanunsuzluqlar barədə proqnoz vermək istəmir. Onun sözlərinə görə, hazırda Azərbaycanda azad və ədalətli seçki keçirməyə mane olan problemlər var, ancaq ümid edir ki, bunlar seçkiyə start verilənə qədər öz həllini tapacaq.


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Venesiya Komissiyası sədrinin xəbərdarlığını ciddi siqnal sayır:


«Son dövrlər Azərbaycan hakimiyyəti təkcə Venesiya Komissiyasına, Avropa Şurasına yox, həm də bir çox nüfuzlu qurumlara etinasızlıq nümayiş etdirir. Təbii ki, bunun da hüdudu var. Bu hüdud üfiqdə görünür. Artıq görünür ki, beynəlxalq təşkilatların Azərbaycanın imitasiyasına dözümlülük limiti bitib».


XS
SM
MD
LG