Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:07

«Əsas məqsəd ana dilimizin inkişafıdır»


«azeriblog.com» saytınının yaradıcısı Əsgər Əsgərzadə Fərhad
«azeriblog.com» saytınının yaradıcısı Əsgər Əsgərzadə Fərhad

Azərbaycanın əksər internet istifadəçiləri «azeriblog.com» saytını tanıyır. Amma az adam bilir ki, bu saytın yaradıcısı cənublu soydaşımızdır. Bugünlərdə «Media forum» həmkarımızı yaxından tanımaq şansı əldə edib.


Əsgər Əsgərzadə Fərhad 1976-cı ildə Ərdəbildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Həmədan Universitetinə daxil olub. Sonra Tehrana köçüb və 10 ildir İran paytaxtında yaşayır. Bakıya çox gəlib. Amma yaratdığı «azeriblog.az»ın istifadəçiləri ilə ilk görüşü bu yaxınlarda baş tutub. 4 minə yaxın bloqçusu var saytın. Gündə ən azı 11 yeni istifadəçi qeydiyyatdan keçir.


- İnternet bilikləriniz hardandır? Bunun üçün hər hansı bir kurs keçmisinizmi?


- Mənim universitet təhsilim internetlə, informasiya texnologiyası ilə bağlı olmayıb, kompüter proqramlarını öz həvəsimə öyrənmişəm. Yeddi-səkkiz il öncə internetdə işləməyə başlamışam, dizayn məsələlərini, sayt yaratmağın sirlərini yavaş-yavaş mənimsəmişəm.


- Deməli, «azeriblog»a qədər də saytlar yaratmısınız...


- Bəli, bir çox şirkətlər üçün saytlar yaratmışıq. Həmçinin şəxsi saytlar. Amma «azeriblog.com» Azərbaycan dilində yaradılmış ilk saytdır. Saytın yaradılmasında məqsəd ana dilimizin inkişaf etdirilməsidir. 10 ay bundan əvvəl belə bir bloq yaratmağa başladım.


- Yaranma prosesi haqqında nə deyə bilərsiniz?


- Bloq, bildiyiniz kimi, internet aləmində çox məşhurdur. Dünyanın istənilən nöqtəsində arzu edən hər kəsin bloqu var. Azərbaycanın saytlarına baxardım. Dost-tanışdan soruşdum ki, Azərbaycanda bloq saytı varmı? Dedilər yoxdur, bildim ki, buna ehtiyac var. Və yaratdıq. 2007-ci il iyulun 21-də yaranıb.


- Azərbaycanlılar «azəri» sözünə birmənalı baxmır. Bunu bilirdinizmi?


- Ad seçimi belədir ki, bu, internet ünvanıdır və mümkün qədər qısa və yadda qalan olmalıdır. Biz də «azəri» qısaltmasına üstünlük verdik. Azərbaycan adını bütöv yazmalı olsaydıq, istifadəçilərin də adları əlavə olunanda uzun-uzun sayt adları yarana bilərdi. Ona görə də «azəri» qısaltmasına üstünlük verdik.


- Serverdə nə qədər adam çalışır, təhlükəsizlik necə təmin olunur?


- Saytda məndən başqa daha üç nəfər çalışır. Bir çox proqramlar tətbiq etmişik ki, saytların təhlükəsizliyi təmin olunsun. Yeniliklərin olması üçün bloqa bir çox proqramlar da əlavə etmək istəyirik. İnşallah, sayt böyüdükcə yeni imkanlar, yeni serverlər, yeni proqramlar lazım olacaq, o zaman işə yeni əməkdaşlar da cəlb olunacaq. Bəlkə də fəaliyyətimizi genişləndirib şirkət olduq. İndi sayt test versiyasındadır ki, görək alınır, ya yox. Hələ ki, 10 aydır fəaliyyət göstərir və heç bir problem yoxdur. Saytın istifadəçilərinin sayı günü-gündən daha da artır. Hazırda «azeriblog.az» domenini də almaq istəyirəm. Kim istəyirsə, öz saytını yaradan zaman «az», yaxud «com» domenindən istifadə etsin.


- İranda hər hansı bir mane yoxdur ki?..


- İranda saytın fəaliyyətinə heç bir problem yoxdur. Əgər İranın qanunlarına zidd hər hansı bir şey yazılsa, onda saytı bağlayırlar. İndi «azəriblog»un istifadəçilərindən 57 faizi Azərbaycandan, 11 faizi isə İrandandır. Sonrakı yerləri Almaniya, Türkiyə və başqa ölkələrdəki istifadəçilər tutur.


- Azərbaycana tez-tez gəlirsiniz?


- Bu gəlişim səkkizincidir. Dincəlməyə də, gəzməyə gələndə də buranı seçirəm. Buranı özümə Ərdəbil kimi bilirəm. Həm də burada müəyyən əlaqələr yaratmağa çalışıram. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda internet hələ çox zəifdir. Bəzi şirkətlər var ki, mənim bura gəlməyimi və burada onlarla əməkdaşlıq etməyimi istəyirlər.


Budəfəki səfərdə ilk dəfə olaraq Azərbaycandan olan bloq istifadəçilərindən 70 nəfərə qədərinin görüşünü təşkil etdik, bir-birimizlə tanış olduq. Bir-birimizi vurtual olaraq tanıyırdıq, amma ilk dəfə real görüşlər keçirdik. Ümumiyyətlə, bütün dünyada bloq istifadəçiləri arasında belə görüşlərin təşkil olunması mexanizmi var. Biz də ilk dəfə burada görüş təşkil etdik. Səmimi görüş keçirdik və bu görüşün adını «Virtual tanışlıqdan real dostluğa» qoyduq.


- İranda internetin vəziyyəti necədir?


- Hazırda İranda internet yüksək sürətlə inkişaf edir. Ölkədə 3 milyona qədər adamın bloqu var. Azı 8 bloq sistemi var. Ən məşhuru «blogfa.com»dur. Onun 1 milyon yarım istifadəçisi var. Dünyanın ən çox ziyarət olunan bloqlarından biridir. Ancaq İranda internetin əsas problemi sürətidir. Sürət azdır, məhz bu səbəbdən inkişaf ləngiyir.


- İranda internetin hansı sahəsi daha çox yayılıb: xəbər saytları, bloqlar, yoxsa əyləncə saytları?..


- İnternet ziyarətçiləri xəbərlərlə daha çox maraqlanırlar, xəbər agentliklərinə baxırlar, sonra bloqçuların saytları axtarılır. Sonuncu yeri əyləncəli saytlar tutur. Bu saytlara maraq o qədər deyil. İranda əyləncə saytları çox azdır.


- Bəs İranda İnternet istifadəçilərinin yaş göstəricisi necədir?


- Ən çox internet istifadəçiləri 15 yaşından 35 yaşa kimidir. Daha aktiv yaş göstəricisi 15 yaşdan 20 yaşa qədərdir.


- Bloqun bir aylıq xərci nə qədərdir? Bütün xərcləri özünüz ödəyirsiniz?


- Saytı yaradanda həm görünüş, həm istifadə forması, həm sürəti baxımından bütün xidmətin yüksək formada olmasını istəyirdim. Ona görə də «azeriblog»un özünəməxsus - musiqili serveri alındı. Server ABŞ-dadır. Yaradılan zaman o qədər də xərc çəkilməyib. Serverin aylıq xərcinin ödənilməsi hardasa 400-500 ABŞ dolları qədər edir. Hələ reklam işini qura bilməmişik. Ona görə də xərclərinin hamısını özüm ödəyirəm.


- Saytla bağlı ümumiyyətlə hər hansı formada təkliflər almısınızmı?


- Bəli, bir neçə təklif olub, bəzi şəxslərdən mənə məktublar gəlib ki, saytı onlara satım. Təklif belə olub ki, sonra onlarla birgə - proyekt meneceri kimi çalışım.


- Bu təkliflər hansı ölkələrdən edilib?


- Azərbaycandan. Mənə aylıq maaş da vermək istəyirdilər. Amma qəbul etmədim. Çünki bu bloqun yaradılması və öz maliyyəmi sərf etməyimin əsas səbəbi buna olan həvəsimdir. Özüm 8 ildir ki, bloq yazıram və çox sevinirəm ki, digərlərinin də öz bloqlarını yaratmasına şərait düzəltmişəm. Düzdür, bloqun heç bir maliyyə gəliri yoxdur, amma ən çox qazancım odur ki, bu bloq vasitəsilə çoxlu dostlar qazanmışam, bir-birimizlə dostuq, tanışıq. «Azəriblog» yaradılarkən əsas məqsəd o idi ki, bu bloq azərbaycandilli olsun. Azərbaycan dili internetdə çox aşağı səviyyədə idi. Dünya miqyaslı «alexa.com» reytinq saytı var. Azərbaycanın bu siyahıda adı yox idi. Məqsədimiz Azərbaycan dilini internet dilləri arasına salınması və siyahıda irəliləməkdir.


- İranda internetlə bağlı nəzarət necə həyata keçirilir? Texniki baxımdan hansı hallar qeyri-qanuni hesab edilir? Məsələn, bu yaxınlarda «Day.az» saytı ilə Milli Televiziya və Radio Şurası arasında internet-radio məsələsinə görə mübahisə olmuşdu. Sizdə belə situasiyalar baş verirmi, baş verdiyi halda nercə həll olunur?


- Bizim yaratdığımız internet səhifəsi bloqdur və bloq azaddır. Necə bir qəzet yaradırsansa, onu ya gündəlik, ya həftəlik, ya da aylıq dərc edirsən, bloq da elə fəaliyyət göstərir. Bloqçu öz səhifəsini yaradır, yazılarını, materiallarını orada yerləşdirir, istifadəçilər də oxuduqlarına şərhlər yazırlar. Şərhçilər arasında fikir mübadiləsi ola bilər. Bloq azad, virtual bir dünyadır. Amma İranda belə hallar da olur ki, qanuni bloqlar yaradılmır. Onun bu fəaliyyəti digər bloqçulara da ziyan gətirir, onların fəaliyyətlərinin əxlaqdan uzaq olması, standartlara uyğun olmaması səbəbilə onun qarşısını alırlar, bağlayırlar.


Bizim bloqun da öz qanun və qaydaları var. Hər bir istifadəçi onlara əməl etməlidir. Əgər əməl etməsələr, əvvəl xəbərdarlıq göndərilir, bunlara məhəl qoyulmadıqda bloqa girişi bağlanılır. Bizim qaydalara görə istifadəçilər hər hansı bir dinə, məzhəbə qarşı nəsə yaza bilməz, yalnız öz baxışlarını yaza bilər. Amma əxlaqdan uzaq nəsə söyləyə bilməz. Biz hətta öz bloqçularımızın müəlliflik hüquqlarını da qorumağa çalışırıq. Olub ki, bir bloqçumuzun yazısı başqa saytda yerləşdirilib, bunun qarşısını almışıq. Bloqçular özləri belə bir hal aşkar edirlərsə, bizə müraciət edirlər, həmin bloqçuya xəbərdarlıq göndəririk, əgər o, bizim xəbərdarlığımızdan sonra səhvini düzəltmirsə, onun bloqunu qapadırıq.


XS
SM
MD
LG