Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

«Ermənistanın yeni rəhbərliyi ya «hə» deməlidir, ya «yox»


Araz Əzimov, 14 dekabr 2007
Araz Əzimov, 14 dekabr 2007

Müsahibimiz Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovdur. Onunla Çexiyaya səfəri zamanı Praqadakı Azərbaycan səfirliyində söhbətləşdik.


- Azərbaycan BMT-də öz xeyrinə qətnamə qəbul etdirəndən sonra bildirib ki, bundan belə danışıqların həmin qətnamənin ruhuna uyğun davam etdirilməsini istəyir. Amma elə görünür ki, danışıqlar köhnə qaydasıyla gedir. Burda bir ziddiyyət yoxdur ki?


- 2004-cü ildən başlayaraq münaqişənin həlli ilə bağlı müzakirələr «Praqa prosesi» çərçivəsində irəliləmiş, 15-ə qədər görüş keçirilmişdi. 2004-cü ildə biz Praqada ATƏT-in Minsk Qrupunun həmsədrləriylə bir araya gəlib, prosesin hansı əsaslarda aparılacağını müzakirə etmişdik. O zaman bu prosesin bünövrəsini təşkil edən əsas elementlər müzakirə olunmuşdu. Əsas məqamlar belə idi: 1. Azərbaycan problemin həllini yalnız özünün ərazi bütövlüyü çərçivəsində təsəvvür edir, Dağlıq Qarabağ regionu Azərbaycanın tərkibində qalır. 2. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdır. 3. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yalnız iki icmanın eyni səviyyədə, təhlükəsiz birgəyaşayışı və əməkdaşlığı şəraitində aparılır. Onlar bu işdə iştirak edirlər, buna nail olmaq üçünsə hərbi məsələlər həll edilir, yəni ərazilər boşaldılır, minalardan təmizlənir və s. Praqa elementləri məhz bunlar idi. 2004-cü ildən 2006-cı ilin noyabrına qədər bu proses inkişaf edirdi. Lakin təəssüf ki, 2006-cı ilin dekabr ayında Minskdə yüksək səviyyədə keçirilən görüşlər zamanı ermənilər öz mövqelərinə dəyişiklik gətirməyə və qeyri-konstruktiv, destruktiv mövqe tutmağa başladılar. Beləcə, 2007-ci ilə qədəm qoyduq. Daha sonra Ermənistanda parlament seçkiləri, prezident seçkisi keçirildi. Məncə, bu proses çərçivəsində həmsədrlər də müəyyən səhvlərə yol vermişdi. Lakin bu səhvlər heç də dönməz deyil, proses düzəlməlidir. Ərazi bütövlüyü məsələsinin alternativi yoxdur.


- Yəni hesab edirsiniz ki, BMT qətnaməsi danışıqları «Praqa prosesi» çərçivəsinə qaytarmaq cəhdi idi...


- Bunu sübut etmək üçün kifayət qədər əsaslar da var. Kimsə bunu inkar da edə bilməz. Biz 2006-cı ildən başlayaraq BMT-də GUAM ölkələrində «dondurulmuş münaqişələr»ə dair qətnamə layihəsinin hazırlanmasını müzakirə edirdik. Eyni zamanda, buna paralel olaraq Azərbaycan öz milli təşəbbüsü ilə çıxış etmək, işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı təşəbbüs irəli sürmək niyyətində idi. Hər bir dövlətin, xüsusən də, Azərbaycanın buna ehtiyacı var – o, öz prinsipial mövqeyini BMT-də - beynəlxalq ictimaiyyət çərçivəsində təsbit etmək istəyir. Bu da normal bir istəkdir. Kimsə buna görə bizi qınaya, bizim haqqımızı dana bilməz. Hətta həmsədrlərdən biri – amerikalı həmsədr Metyu Brayza da dəfələrlə deyib ki, Azərbaycanın öz milli təşəbbüsü ilə çıxış etmək haqqını tanıyır, anlayır. Bu da bir faktdır ki, qətnamə Praqa elementlərinə əsaslanır, yəni ərazilər boşaldılır, məcburi köçkünlər öz torpaqlarına qayıdır və iki icmanın iştirakı ilə özünüidarəetmə mexanizmi yaradılır.


- Bəs həmsədrlərin reaksiyası niyə sərt oldu?


- Yəqin ona görə ki, həmsədrlər aparılan prosesə kənardan hansısa faktorların gətirilməsini qəbul etməkdə çətinlik çəkirlər. Düşünürlər ki, onlara sakit bir şərait lazımdır ki, Ermənistan hansısa bəhanə axtarmadan müzakirəyə cəlb edilsin. Lakin belə sükut şəraitinin yaradılması Ermənistana imkan verir ki, öz destruktiv mövqeyini davam etdirsin. Ona görə Azərbaycan öz iqtisadi inkişafı ilə, regional layihələr irəli sürməklə, region səviyyəsində öz rolunu təsbit etməklə və siyasi addımlar atmaqla yeni mühit yaradır. Elə bir mühit ki, Ermənistan hiss etsin, anlasın ki, vəziyyət dözülməzdi. Belə mühiti formalaşdıran faktorlar sırasında beynəlxalq səviyyədə aparılan danışıqlar da var. Bizim prezident xarici səfərlərində münaqişəni müzakirə edir, xarici ölkə başçılarına Azərbaycanın münaqişənin həllindəki mövqeyini anladır, çalışır ki, onlar bu mövqeyi dəstəkləsinlər. Ermənistan nümayəndələri həmin ölkələrə gedəndə, onlara deyilir ki, siz işğalı qurtarmalısınız. Beləliklə, Ermənistan dözülməzlik vəziyyətinə salınmalıdır. Ermənistana hər bir tərəfdən deyilməlidir ki, işğala son qoy, münaqişənin davam etməsi, yenidən hərbi əməliyyatların başlanması heç kimin marağında deyil. Biz belə bir mühit yaratmağa çalışırıq. Həmsədrlər isə prosesi istədikləri kimi idarə etməyə çalışırlar. İstəmirlər ki, kənardan kimsə onlara təsir etsin. Ona görə həmsədr ölkələrin nümayəndələri belə bir şayiə yayıblar ki, guya Azərbaycan prosesi ATƏT-dən BMT-yə keçirmək, Minsk Qrupunu ləğv etmək istəyir, qətnamə «Praqa prosesi»nə uyğun deyil və s. Bu şayiələr həqiqətə uyğun deyil.


- Artıq Ermənistanın yeni prezidenti və yeni Xarici İşlər naziri var. İlkin kontaktlar nə göstərir, Ermənistanın mövqeyində yumşalma hiss olunurmu?


- Hələ ki, yalnız Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri görüşüblər. Bu görüşdən elə bir nəticə alınmayıb və gözlənilmirdi də. Bu, hər iki tərəf üçün bir tanışlıq görüşü idi. Eyni zamanda hiss olunur ki, Ermənistanın Xarici İşlər naziri prezidentin təlimatı olmadan hansısa məsələni müzakirə etməkdən qaçır. O ki, qaldı prezidentlərə, yaxın vaxtlarda onların görüşü ola bilər. Hansısa konkret fikri həmin görüşdən sonra demək olar. Azərbaycan tərəfi bütün siyasi spekulyasiyaları bir kənara qoyub, Ermənistana konkret sualla müraciət edir ki, onlar münaqişənin həllinə hazırdırlarmı. Çünki münaqişənin həlli yalnız bir əsasda olacaq – Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bu «hə», ya «yox» məsələsidir. Razıdırlarsa, bütün məsələləri həll etmək mümkün olacaq. Azərbaycan bu prinsip çərçivəsində güzəştlərə hazırdır.


Araz Əzimovla müsahibənin Azərbaycan-Çexiya münasibətləri, Azərbaycanın NATO-ya inteqrasiyası, Qəbələ RLS, payızdakı prezident seçkisi haqda hissələrinə mayın 26-da «Doktor Ziya ilə işdən sonra» proqramında qulaq asa bilərsiz



XS
SM
MD
LG