Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 20:16

«Dilənçilər üçün sığınacaqlar yaradılmalıdır»


Azərbaycanda dilənçiliyin statistikası aparılmır
Azərbaycanda dilənçiliyin statistikası aparılmır
«Məcbur olub dilənçilik edirəm, çörəkpuluna görə, uşağı dolandırmaq üçün…»

Adının Aliyə olduğunu deyən cavan qadın artıq iki ilə yaxındır dilənçilik edir. Qucağında körpə uşağı da var. Gündəlik gəlirinin 2-3 manat arasında olduğunu deyir.


Bakıda dilənçilik edənlər müxtəlif yaşda, müxtəlif təbəqələrdən olan adamlardır. Onların arasında yeniyetmələr, cavanlar, qocalar, əlillər də var.


Dilənən adamları şəhərin hər yerində - küçədə, yeraltı keçidlərdə, avtobuslarda, metro vaqonlarında görmək olur. Onlarla tək-tək, qrup şəklində də qarşılaşırsan. Qrup şəklində olanlar daha çox eyni bölgədən gələnlər, tanışlar olurlar. Polis deyir ki, qrup şəklində olanlar kiməsə hücum edib onu asanlıqla soya da bilirlər.


Dilənçiliyə qarşı mübarizə isə polisin onları mütəmadi küçələrdən yığıb Daxili İşlər Nazirliyinin tabeliyindəki Qəbul-Bölüşdürücü Məntəqələrə göndərməkdən ibarətdir. Ancaq həmin yerdə onları bir neçə gün saxlayır, daha sonra isə yenindən küçələrə buraxırlar.


Polis əməkdaşı Telman Baxşıyev deyir ki, bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir. Ancaq o da etiraf edir ki, gördükləri iş çox vaxt effektli olmur.


Polis bildirir ki, dilənçilərin sayı daha çox yaz-yay ayrında və dini mərasimlər keçirilən zaman çoxalır.

Dilənçilərin ən çox qorxduqları da elə polislərin onları küçələrdən yığmasıdır: «Çox vaxt bizə mülki paltarda yaxınlaşır, tutub zorla aparırlar, onlardan qorxuruq».


Dilənçilər deyirlər ki, Qəbul-Bölüşdürücü Məntəqəyə aparılandan sonra həyatlarında hər hansı dəyişiklik olmur. Bir dilənçi qadın bildirir ki, onu bir neçə dəfə polislər tutub aparıb. Ancaq hər dəfə eyni şey təkrar olunur. O, 3-4 il əvvəl olduğu kimi yenə də işsiz və dilənçidir: «Beş uşağım var, onlardan ancaq biri məktəbə gedə bilir. Mənim kimilərin çoxu işləmək istəyir, iş olsaydı, mən də işləyərdim».


«Himayədar» qeyri-hökumət təşkilatının rəhbəri Himayət Rizvanqızı isə deyir ki, dilənçiləri küçədən yığıb hansısa məntəqəyə aparmaq çıxış yolu deyil. Onun fikrincə, belə adamlar üçün sığınacaqların yaradılması yaxşı olardı:


«Bir sıra ölkələrdə, məsələn, kilsələrdə onlar üçün sığınacaqlar açılır, yemək verilir, saxlanılır. Bizdə də sığınacaq üsulundan istifadə etmək effektli olardı».


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının rəhbəri Hadı Rəcəbli isə bildirib ki, hökumət saxlama yerləri və əsl ehtiyacı olanlara yardımla bağlı konkret təklif hazırlamasa da, bunun üzərində düşünməlidir. Onun fikrincə, ilk növbədə imkansızlıqdan dilənənlərlə dilənçiliyə iş kimi yanaşanları bir-birindən ayırmaq lazımdır.

Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycanda dilənçiliyin statistikası aparılmır. Dilənçilərlə bağlı status və qaydalarsa yoxdur. Ekspertlərsə deyirlər ki, belə olan halda polislərin onları küçələrdən yığmasının elə bir təsiri yoxdur. Ən yaxşı yol dilənçilər haqda köklü qaydalar hazırlamaq və bunun əsasında işləməkdir.


XS
SM
MD
LG