Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:16

«Azərbaycan mətbuatı günü-gündən geriləyir»


Aprel ayında jurnalistlərə təzyiqlə bağlı 72 fakt qeydə alınıb
Aprel ayında jurnalistlərə təzyiqlə bağlı 72 fakt qeydə alınıb

3 may Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində Demokratik Jurnalistlər Liqası söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb. Nəticələrə görə, aprel ayında 72 fakt qeydə alınıb ki, onların da əksəriyyəti jurnalistlərə təzyiqlə bağlıdır. Liqanın sədri Yadigar Məmmədli deyir ki, aparılan araşdırmalar Azərbaycanda mətbuatın günü-gündən gerilədiyini göstərir:


«Mətbuat geriləyir. 10 il bundan qabaq mətbuatın gücü qat-qat çox idi. Mətbuatda reklam bundan çox idi. Amma Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə təəssüf ki, onun mediası zəifləyir. Həbsdə jurnalistlər var. Onlarla bağlı bizim və beynəlxalq təşkilatların təpkilərinə baxmayaraq həbsdən azad olunmurlar. Bu gün də jurnalistlər oğurlanır, döyülür, onlarla bağlı istintaq işləri başa çatdırılmır. Bunlar da onu göstərir ki, mətbuatla bağlı vəziyyət pisdir».


Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində «Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı da Azərbaycanda mətbuat azadlığının vəziyyətini qeyri-azad kimi qiymətləndirib. Təşkilatın yaydığı sənəddə göstərilir ki, ölkədə müsbətə doğru irəliləyiş yoxdur. Azərbaycan mətbuatın azad olmadığı ölkələrdən sayılır və 195 ölkə arasında 168-ci yerdədir. Bundan öncə «Sərhədsiz Reportyorlar» Təşkilatının tərtib etdiyi reytinqdə də Azərbaycan dünyanın söz azadlığının vəziyyəti ən pis olan 30 ölkəsindən biri hesab olunub.


«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə deyilənlərlə razılaşmır, onun fikrincə Azərbaycanda mətbuat azaddır:


«Bu gün Azərbaycanda KİV haqqında ən loyal qanun var. Azərbaycan mətbuatı üçün heç bir qadağan olunmuş mövzu yoxdur. Bunu bilmək üçün gəlsinlər bir köşkə yaxınlaşsınlar, qəzetləri alıb oxusunlar. Görsünlər ki, prezidentdən tutmuş idarə müdirlərinə kimi hamını istədikləri kimi tənqid edirlər və buna görə heç bir jurnalist tutulmur, cəzalandırılmır».


Bəxtiyar Sadıqov media ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatları ölkədəki əsil vəziyyəti öyrənib sonra bəyanat yaymağa çağırır.


Söz Azadlığını Müdafiə komitəsinin sədri Arzu Abdullayeva isə deyir ki, elə təkcə həbsdə jurnalistlərin olması faktı Azərbaycanda söz azadlığının vəziyyətinin göstəricisidir. Onun fikrincə, vəziyyətdən çıxış yolu ictimaiyyətin bir araya gələrək öz fikrini, etirazını ifadə etməkdən çəkinməməsidir:


«İctimaiyyət birləşməlidir. Vətəndaş öz fikrini söyləməlidir, etiraz etməlidir. İqtidar da bu etirazı qulaq ardına vurmamalı, narahatçılığa diqqət yetirməlidir. Demokratik cəmiyyət belə olur».


Arzu Abdullayeva həbsdə olan jurnalistlərin adlarının may ayında verilməsi gözlənilər amnistiyaya salınacağına ümid etdiyini deyir.


15 il bundan əvvəl BMT mayın 3-nü Beynəlxalq Mətbuat Azadlığı Günü elan edib. Həmin gün dünyada mətbuat azadlığını qiymətləndirmək üçün bir imkan hesab olunur.


XS
SM
MD
LG