Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 03:53

«Qaçqınkom» ləğv edilir?


Əli Həsənovun səfir təyin olunmaq üçün cəhdlər göstərdiyi vurğulanır
Əli Həsənovun səfir təyin olunmaq üçün cəhdlər göstərdiyi vurğulanır



«Azadlıq» qəzetinin baş yazısı belə adlanır. Məqalədə bildirilir ki, yaxın vaxtlarda Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ləğv edilə bilər. Daha doğrusu, bununla bağlı təkliflərin səsləndiyi, hətta müzakirələrin aparıldığı qeyd olunur. Qəzet iddia edir ki, komitənin ləğv ediləcəyindən qurumun rəhbəri Əli Həsənovun da məlumatı var. Buna görə də bu günlərdə «Şöhrət» ordenilə təltif edilən Həsənovun səfir təyin olunmaq üçün cəhdlər göstərdiyi vurğulanır.

«Azadlıq» qəzeti bildirir ki, komitənin ləğvini belə əsaslandırmaq istəyirlər ki, artıq qaçqın və məcburi köçkünlərin sosial problemləri həll olunub. Ötən il sonuncu çadır şəhərciyi ləğv edilib. Yalnız yataqxanalarda və dövlət obyektlərində məskunlaşan məcburi köçkünlər qalıb ki, onların problemini aidiyyatı qurumlar həll etməlidir.


«Gün səhər» qəzeti yazır ki, prezidentin cəbhə bölgəsində söylədiklərini Qərb ölkələrinin səfirlikləri sükutla qarşıladılar. Qəzet bildirir ki, ötən həftə sərhəd bölgəsində İlham Əliyev Qərb dövlətlərini ikili standartlarla çıxış etməkdə ittiham etdi. Ölkə başçısının sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar Ermənistanda onlarla adamın öldürülməsinə, hakimiyyətin qəsb edilməsinə göz yumsalar da, nədənsə Azərbaycanda təxribat xarakterli hadisə olan kimi bəyanatlar verir, söz azadlığının təhlükədə olduğunu bildirirlər. Azərbaycanı demokratik ölkə kimi xarakterizə edən Əliyev bu cür mövqe ilə heç vaxt razılaşmayacağını vurğuladı.


Bu fikirlərin səslənməsindən bir neçə gün keçməsinə rəğmən Qərb ölkələri, onların səfirlikləri prezidentin bəyanatına reaksiya göstərmirlər. Ekspert Zəfər Quliyevin fikrincə, əslində prezidentin bəyanatı cavab tələb etmirdi. Onun sözlərinə görə, Əliyevin Qərb ölkələrinə, onların səfirliklərinə və beynəlxalq təşkilatlara ünvanladığı fikirlərdə konkret ad çəkilməyib: «Azərbaycan rəhbərinin iradları ümumi xarakter daşıyırdı. Üstəlik, nəzərə almaq lazımdır ki, bu tipli iradlar Azərbaycan rəsmiləri tərəfindən birinci dəfə deyil ki, bildirilir».


Politoloq deyir ki, bu cür tənqidi bəyanatlar Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev, həmin qurumun ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və iqtidaryönlü deputatlar tərəfindən dəfələrlə səslənib: «Buradakı səfirliklər də mövcud atmosferə və vəziyyətə uyğunlaşıblar».


«Yeni Müsavat» qəzetindəki «Bu gün çörək 50 faiz bahalaşa bilər» başlıqlı məqalədə bildirilir ki, Gəncədə aprelin 21-dən artıq çörəyi 40 qəpiyə satırlar. Ölkənin Qərb regionlarını unla təmin edən «Fatıoğlu» emal müəssisəsindən bildiriblər ki, buna səbəb taxıl qıtlığıdır. Onu da deyiblər ki, ilin əvvəlində 50 kq-lıq un 18 manat olduğu halda, hazırda 25 manatdır. Şirkət taxılı əsasən Qazaxıstandan alırdı. Azərbaycanın illik taxıl tələbatı 3 milyon tondur. İdxal olunan taxılın 66 faizi Qazaxıstanın payına düşür.


«Üç nöqtə» qəzeti yazır ki, Azərbaycan vətəndaşlarına 2012-ci ildə yeni pasportlar veriləcək. Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bildirib ki, 2011-ci ilədək ölkə vətəndaşları özündə biometrik məlumatları əks etdirən yeni nəsil pasportları ilə təmin olunacaqlar. Nəcəfov bildirib ki, transmilli cinayətkarlıq, qanunsuz silah və narkotika alveri və digər bu kimi cinayətlərlə mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli olması üçün əksər dünya ölkələri bu sistemə keçir. Rəis müavininin sözlərinə görə, yeni nəsil pasportlarında beynəlxalq standartlara uygun şəxsin barmaq izləri və sifət quruluşu barədə biometrik məlumatlar yerləşdiriləcək.


XS
SM
MD
LG