Budəfəki prezident seçkilərdə də «qara piar»dan geniş istifadə ediləcəyi gözlənilir. Əslində müxalif düşərgədə belə bir fikir var ki, «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin istintaqı ətrafında baş verənlər onların seçki qabağı gözdən salınmasına xidmət edir.
Müsavat partiyası Ali Məcliəsinin sədri Sülhəddin Əkbər deyir ki, keçmiş seçkilərə nəzər yetirməklə də indi baş verənləri anlamaq mümkündür. Onun sözlərinə görə, istər 2000-ci ildə Mehdi Hüseynlinin təyyarə qaçırmaq olayı, istər 2005-ci ildə Ruslan Bəşirlinin Ermənistan kəşfiyyatına işləməsi ilə bağlı iddialar, istərsə də son hadisələr birbaşa seçkiyə hesablanıb. Sülhəddin Əkbər deyir ki, məhz Rusiyada seçki ərəfəsində siyasi rəqiblərin gözdən salınması zamanı çirkin metodlardan istifadə edilir. Onun sözlərinə görə Azərbaycan da Rusiya yolu ilə gedir:
«Fikir verirsiniz bir dəfə hədəf gənclər hərəkatı seçilir, bir dəfə hansısa mediya hədəfə alınır, başqa bir halda da hansısa siyasi qüvvəni sıradan çıxarmağa çalışırlar. Məqsəd ümumilikdə müxalifəti və ona yaxın medianı gözdən salmaqdır…
Onun sözlərinə görə, yalnız demokratiyanın inkişafı fonunda belə çirkin ənənələrə son qoymaq olar.
Hakimiyyət rəsmiləri isə hesab edirlər ki, müxalifət belə iddialarla hər seçkidə məğlub olmalarına haqq qazandırmağa çalışır. Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rəbiyyət Aslanova:
«Hakimiyyətə bu lazım deyil. Sadəcə bununla bu cılız qüvvələr özlərini daha böyük təqdim etmək istəyirlər. Biz azad və ədalətli seçkilərdə maraqlıyıq…»
Bu məsələdə tək hakimiyyətlə müxalifətin fikirləri fərqli deyil. Elə müstəqil təhlilçilər arasında da fərqli mülahizələr səslənir. Bəzi siyasi müşahidəçilər hesab edir ki, belə «qara piar» kompaniyası bəzən müxalifətin özünə lazım olur. Bununla onlar gündəmdə qalırlar.
Ancaq Tolerant Sosial Araşdırmalar birliyinin sədri Azər Rəşidoğlu deyir ki, heç kim söyülüb-təhqir edilməklə gündəmdə qalmaq istəməz. Onun fikrincə, əvvəlki seçkilər ərəfəsində müxalifət nisbətən güclü olduğundan bu piar kampaniyası onların zəiflədilməsinə xidmət edə bilirdi. İndi onsuzda müxalifət zəifdir. Əslində müxalifət güclü olsa elə bu qara piyar kompaniyasını, jurnalistlərə təzyiqləri hakimiyyətin əleyhinə çevirə bilər.
Yeri gəlmişkən, mərhum jurnalist Elmar Hüseynovun qətli zamanı da hakimiyyət rəsmiləri iddia edirdilər ki, müxalifət bundan onlara qarşı istifadə etmək istəyir. Ancaq nə o qətlin üstü açıldı nə də hakimiyyətin bundan itirdiyi bir şey oldu.
Ortaya belə bir sual çıxır əgər müxalifət zəifdirsə bəs, onda niyə hədəf seçilir. Azər Rəşidoğlu bildirir ki, bu gün əsas hədəf müxalif düşüncədir. «Yəni ölkə avtoritar üsul idarədən totalitar üsul idarəyə keçir. Söhbət artıq müxalifət liderlərinin sıradan çıxarılmasından getmir. Onlar sıradan çıxarılıb. Hədəf müxalif düşüncədir. Yəni orta statistik azərbaycanlı…»
Azər Rəşidoğlu deyir ki, bu prosesin başa çatması təkcə ölkədə müxalif düşüncə tərzinin məhvi olmayacaq. Bu həm də Azərbaycanda Qərbin demokratik ənənələrinin süqutu ola bilər…