BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə üzrə Ofisi Azərbaycanda «Narkotik istifadəçiləri və məhbuslar arasında QİÇS xəstəliyinin profilaktikasına dair» hesabat hazırlayıb. Fevralın 20-də Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasında hesabatın təqdimatı keçirilib. Sözügedən komissiyanın sədri, deputat Hadı Rəcəbli deyib ki, Azərbaycanda QİÇS-in yayılmasında narkomanlar və məhbus həyatı yaşayanlar xüsusi rol oynayırlar. Onun sözlərinə görə, komissiya sənədi öyrənərək ölkədə «QİÇS-lə mübarizə haqqında» yeni qanunun qəbul edilməsi qənaətinə gəlib. Çünki 1997-ci ildə qəbul edilmiş qanun köhnəlib və günün tələblərinə cavab vermir. Rəcəbli həmçinin «Narkomaniyaya qarşı mübarizə haqqında» qanuna da əlavə və dəyişikliklərin ediləcəyini bildirib.