Sərəncamda AXC-nin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edildiyi, ancaq ölkə tarixinin bu mərhələsi ilə bağlı çox sayda sənədlərin hələ də xarici ölkələrin qapalı arxivlərində saxlanıldığı bildirilir.
Təhsil, Mədəniyyət və Turizm nazirlikləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cümhuriyyətin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda həmçinin Milli Məclisə AXC parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunur.
Prezident İlham Əliyev bu yaxınlarda Ağdam rayonuna səfəri zamanı bildirmişdi ki, Cümhuriyyət dövründə Yerevanın ermənilərə hədiyyə edilməsi səhv addımdır: «İrəvan şəhərini Azərbaycan Demokratik Respublikasının rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. Bu da yumşaq desək, böyük bir səhv idi».
Bundan sonra müxalifətdə olan bəzi siyasi partiyalar hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qısqanc mövqe tutduğunu, onun fəaliyyətini təftiş etdiyini bildiriblər.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut edib.
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur.