Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:40

Priştinanın hava limanı xaricdən gələnlərlə doludur


Azərbaycan Kosovonun tanınmasında addımlar atmayacaq
Azərbaycan Kosovonun tanınmasında addımlar atmayacaq

Son günlər Kosovonun paytaxtı Priştinanın hava limanı xaricdən gələnlərlə doludur. Bunlar Almaniya, İsveçrə və başqa Avropa ölkələrindən gələn albanlardır. Onlar Kosovonun müstəqilliyi elan olunanda bu tarixi anı öz gözləri ilə görmək istəyirlər. Serbiyanın əksəriyyəti albanlar olan Kosovo vilayətinin öz müstəqilliyini uzağı bazar ertəsinəcən elan edəcəyi gözlənilir.


Bu gözlənti BMT-nin Təhlükəsizlik Şurasının fevralın 14-də keçirilən iclasından sonra azalmadı, bəlkə də artdı. Rusiya çalışırdı ki, danışıqlara yenə vaxt verilsin, ancaq Amerika nümayəndəsi Aleksandro Volf dedi ki, bu, vaxt məsələsi deyil: «Sadə fakt odur ki, tərəflər fundamental məsələlərdə barışmazdırlar. Danışıqlar məhz buna görə baş tutmadı».


Ancaq Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsinə Təhlükəsizlik Şurasında münasibət təxminən yarı bölünüb. Amerika, Britaniya, Fransa və başqa Qərbi Avropa ölkələri işarə edirlər ki, bu müstəqilliyi tanıyacaqlar. Rusiya, Serbiya tanımayacaq, çox güman ki, BMT də tanımayacaq.


Onda nə olacaq? Hələlik fikirlər belədir ki, Kosovo müstəqilliyini elan edəndən sonra Avropa Birliyinin himayəsində olacaq.


Kosovo müstəqilliyini elan edəndə Serbiya hansı addımları ata bilər? Serbiyanın Xarici İşlər naziri Vuko Yeremiç Təhlükəsizlik Şurasına deyib ki, Serbiya 10 il də keçsə, müstəqil Kosovonu tanımaycaq. Ancaq hərbi gücdən istifadə etməyəcək.



Serbiyanın Baş naziri Voyislav Koştunitsa etiraf etdi ki, Kosovonun itirilməsi realdır. O, deyir ki, Serbiya bununla heç vaxt barışmayacaq

Azərbaycanın Kosovonun müstəqilliyinə rəsmi münasibətini Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. O, «Azadlıq» radiosuna deyib ki, Azərbaycan təbii ki, Kosovonun tanınmasında addımlar atmayacaq.


Bu, rəsmi mövqedir, Azərbaycanın əksəriyyəti ermənilər yaşayan Dağlıq Qarabağ problemi var. Hərçənd Amerika və Avropa Birliyi dəfələrlə bildirib ki, Kosovonun Dağlıq Qarabağa heç bir dəxli yoxdur.


Azərbaycanın səkkizdə biri boyda olan Kosovonun ilk sakinləri trakiya və illiriya qəbilələri olub. 6-cı əsrdə bura slavyanlar gəlib. 13-cü əsrdə Serbiya krallığına qatılanda Kosovoda serblər və albanlar yaşayıb. 1389-cu ildə serb ordusu Kosovo döyüşündə türk ordusuna uduzandan sonra burda müsəlman albanların sayı artmağa başlayıb. Hazırda 2 milyon əhalisi olan Kosovonun 90 faizi albanlardır.


Yuqoslaviya dağılanda – 1992-ci ildə Kosovo da müstəqillik istədi. 1998-ci ildə Serbiya ordusunun güclü hücumundan sonra 100 min alban Kosovonu tərk etdi. Həmin vaxt NATO Yuqoslaviya prezidenti Slobodan Miloşeviçə xəbərdarlıq etdi ki, Balkanlarda növbəti etnik təmizləməyə dözməyəcək. 1999-cu ildə isə Fransada sülh danışıqları baş tutmayanda NATO zor gücünə Serbiya ordusunu geri çəkilməyə məcbur etdi. O vaxt Kosovonu artıq 800 min alban tərk etmişdi.


Həmin vaxtdan Kosovo BMT-nin və NATO-nun KFOR adlanan sülhü mühafizə qüvvələrinin himayəsindədir. KFOR-da Azərbaycan əsgərləri də xidmət edir.


BMT Kosovonun gələcək statusu üzrə xüsusi nümayəndəsi Marti Ahtisaarinin vasitəçiliyi ilə status mübahisəsində serblərlə albanları ümumi həllə gətirməyə çalışdı. Qoyulan vaxt dəfələrlə uzadılsa da, iki illik danışıqlar bir nəticə vermədi.


Fevralın 14-də ilk dəfə Serbiyanın Baş naziri Voyislav Koştunitsa etiraf etdi ki, Kosovonun itirilməsi realdır.O, deyir ki, Serbiya bununla heç vaxt barışmayacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG