Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:40

«Seçkilər xarici sərmayələr üçün sınaqdır»


«Onlar seçkidə iştirak etməsələr, demokratiyanı daha da zəiflətmiş olarlar»
«Onlar seçkidə iştirak etməsələr, demokratiyanı daha da zəiflətmiş olarlar»

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə nümayəndəsi Skot Teylor «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:


- Cənab Teylor, ABŞ-ın Azərbaycandakı siyasətinin tənqidçiləri Birləşmiş Ştatları bu ölkədə hətta özünün qeyri-hökumət təşkilatları vasitəsi ilə də demokratiya sahəsinə az diqqət ayırmaqda tənqid edirlər. Prezident seçkisi ilində USAİD-in Azərbaycanla bağlı hansı planları var?


- Əlbəttə, USAİD-in xətti ilə ABŞ hökuməti Azərbaycanda azad, şəffaf və ədalətli seçkilərin keçirilməsinə çalışacaq. Xüsusilə də biz Mərkəzi Seçki Komissiyası ilə birlikdə işləyərək, seçki bülletenlərinin sayılmasına fikir verəcəyik. Və seçkisonrası hesabatların dürüst olmasına da çalışacağıq. Biz həm də siyasi partiyaların gücləndirilməsi layihəsi çərçivəsində iki tərəfdaş təşkilatla çalışırıq. Bunlar Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutudur. Bu təşkilatlar intensiv şəkildə Azərbaycandakı bütün partiyalarla çalışacaq və onlara seçki zamanı müvafiq platforma və strategiyalarının tərtib edilməsində, mesajlarını xalqa çatdırmaqda təcrübə keçəcəklər.


- Bütün siyasi qüvvələrin inana biləcəyi seçkinin keçirilməsi üçün hansı addımlar atılmalıdır?


- İlk tədbirlər söz azadlığı sahəsində olmalıdır. Ən birincisi, media azadlığını təmin etmək lazımdır ki, mətbuat seçki ərəfəsində gördüklərini olduğu kimi yaza bilsin. Heç bir qorxu və tərəddüd olmadan hadisələri insanlara çatdırsınlar. Çox istərdik ki, seçki mövsümü baş verəcək hadisələr, xüsusilə də siyasi partiyaların platformalarının açıqlamasında televiziya kanalları müstəqil şəkildə iştirak etsinlər. Bundan başqa, çox arzu edirəm ki, bu il Azərbaycanda da ABŞ-da olduğu kimi, seçkiöncəsi namizədlərin teledebatları keçirilsin.


- Bir sıra müxalifət partiyaları seçkilərdə boykot yolunu tutacaqlarını elan ediblər.


- Mən onları böyük səylə seçki marafonuna qoşulmağa çağırıram. Çünki bununla onlar seçki yarışmasında öz bacarıqlarını nümayiş etdirəcəklər. Amma əgər onlar seçkidə iştirak etməsələr, demokratiyanı daha da zəiflətmiş olarlar. Yaxşı olardı ki, məhz bu seçkidən istifadə edərək, öz səslərini ifadə edə bilsinlər. O zaman sözlərinin də eşidilməsini təmin edə biləcəklər. Sözsüz ki, onlar öz iştirakları ilə ölkədə demokratiyanın möhkəmlənməsinə də təkan verəcəklər.


- ABŞ builki seçkilərdə «exit-poll»arın keçirilməsini dəstəkləyəcəkmi?


- Biz hələ öz addımlarımızı planlaşdırma mərhələsindəyik. Amma artıq Azərbaycan prezidenti bütün beynəlxalq təşkilatları bu seçkilərdə iştirak etməyə dəvət edib. Bizim fikrimizcə, bu seçkilər ölkənin beynəlxalq imici üçün çox vacibdir. Bundan başqa, Azərbaycanın demokratik ölkə kimi inkişaf etməsi, iqtisadi baxımdan çoxlu uğurlar əldə etməsi və ən əsası xarici sərmayələr üçün sınaqdır. O ki qaldı bizim işimizə, ilk növbədə seçki monitorinqini qeyd etmək istərdim. «Exit-poll»u keçirəcək təşkilatın adına gəlincə, bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış bir şirkət olacaq. Tezliklə bu haqda dəqiq açıqlama eşidəcəksiniz. Digər tərəfdən biz qanunun aliliyi sahəsində də əlimizdən gələni edəcəyik.


- Qeyd etdiniz ki, seçkilər daha çox beynəlxalq sərmayələr üçün şansdır. Yəni seçkilər gözlənilən kimi keçməsə, beynəlxalq iqtisadi qurumlar Azərbaycanı tərk edəcəklər?


- Dünya Azərbaycana tamaşa edir. Bütün gözlər Azərbaycanda və seçkilərdə olacaq. Seçki zamanı formalaşacaq fikirlər beynəlxalq iqtisadi qurumların rəyini dəyişə də bilər. Əgər Azərbaycan ədalətli seçkilər keçirərsə və insanların bu prosesdə fəal iştirakı təmin edilərsə, onda dünyaya belə bir mesaj göndərəcək ki, azad bazar iqtisadiyyatına malik bir ölkədir. Həm də demokratik islahatlara və ictimai-siyasi islahatlara çox ciddi yanaşır. Digər mesaj isə bu olacaq ki, Azərbaycan beynəlxalq ictimaiyyətin də istəklərinə – yəni seçkilərin daha da şəffaf təmin olunmasına dəstək verir. Bir məqama da toxunmaq istəyirəm. Amerika hökuməti əsasən Azərbaycanda demokratiyanın sabitliyinə daha çox fikir verir və ən çox diqqəti bu sahəyə yönəldir. Enerji resursları isə ABŞ-dan daha çox Avropa üçün vacibdir. Postsovet dövlətləri arasında Azərbaycanda sabitlik indi ABŞ üçün daha çox maraqlıdır. Amma neft-qaz resursları dediyim kimi, əsasən Avropa üçün vacibdir.


ABŞ həm də bu ölkədə bir sıra layihələr həyata keçirir. Deməli, üzərinə öhdəliklər götürüb. Ötən ilin fevral ayında Bakıda keçirdiyimiz Amerika-Azərbaycan iqtisadi tərəfdaşlıq Şurasının iclası zamanı bir sıra sənədlər imzaladıq. İkinci iclasımız bu ilin aprel ayında Vaşinqtonda olacaq. Orada Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzvlüyü, qeyri-neft sektorunda rəqabətin artırılması, maliyyə sektorunun təkmilləşməsi və başqa sahələrdə işlər görəcəyik. Bizim indi öhdəliyimiz odur ki, Azərbaycandan layihələr üçün şərikli maliyyə dəstəyi alaq. Amma əlbəttə, seçkilərin daha şəffaf keçirilməsi ilə Azərbaycan bir daha ABŞ-la arasında dostluğun daha da möhkəmlənməsini və öhdəlikləri ilə bağlı səylərinin daha da intensivləşməsini sübut edəcək.


- Yeri gəlmişkən, bu gün Azərbaycanda regionların inkişaf proqramının 4 illiyinə yekun vuruldu. Sizin təşkilat bölgələrdə də işləyir. Vəziyyət sizi qane edirmi?


- Bu, çox vacib sualdır. Sözsüz ki, Azərbaycanda hazırda tüğyan edən neft gəlirlərinin bütün vətəndaşlar üçün eyni tərzdə bölüşdürülməsi və onların hamısının bu gəlirlərdən faydalanması ən vacib məsələdir. Əlbəttə ki, regionlarda çox çatışmazlıqlar var. Məsələn, iş yerlərinin açılması və insanların daimi işlərlə təmin olunması heç də qənaətbəxş səviyyədə deyil. Bundan daha yaxşı ola bilərdi. Ən əsası, ölkəyə gələn gəlirlərin düzgün paylaşdırılması və onlardan bütün vətəndaşların mənfəət əldə etməsi hələ də sual olaraq qalır və bu, çox mühüm məsələdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG