Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

«Penitensiar xidmət ən çox korrupsiyalaşmış sistemdir»


Həbsxananın həyətinə də qar yağır, günəş doğur, ancaq burda azadlıq havası yoxdur
Həbsxananın həyətinə də qar yağır, günəş doğur, ancaq burda azadlıq havası yoxdur
…Həbsxana qapısı açılan və adam içəri girən kimi burda bayırdakı havanı hiss etmirsən. Burda da adamlar idmanla məşğul olur, yemək yeyir, gəzintiyə çıxır, yatır-durur, televizora baxırlar. Həbsxananın həyətinə də qar yağır, günəş doğur, ancaq burda azadlıq havası yoxdur.

Cəzaçəkmə yerinin başqa bir adı azadlıqdan məhrum edilmədir. Azadlığın itməsi isə ən böyük cəzadır. Məhbus Elman da həbsə düşəndən azadlıqla cəza yerini müqayisə edir. Deyir, azadlıq arzularımın yeridir: «Burda sənə nə versələr də, azadlıqdakı şora, pendirə dəyməz».


Son illər Azərbaycanda cəzaçəkmə yerləri həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzindədir.


«Adamı həbsə salırlarsa, onun nə hüququ?!»


ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyətiylə bağlı illik hesabatında isə cəzaçəkmə yerlərində saxlanma şəraitinin çox sərt, ilkin həbsin uzunmüddətli olmasının bir sıra problemlər yaratdığı vurğulanıb. Vərəmin hələ də cəzaçəkmə yerləri üçün problem olduğu, onlarla məhbusun bu xəstəlikdən öldüyü bildirilir.


«Human Rights Watch» beynəlxalq hüquq-müdafiə təşkilatının son hesabatında da Azərbaycandakı həbs yerlərində saxlanma şəraitinin ürəkaçan olmadığı bildirilir.


Azərbaycanda həbsdə olan məhbuslardan «öz hüquqlarınız haqqında nə bilirsiz» soruşanda, onlar çox düşünüb-daşınandan sonra cavab verirlər:


- Adamı həbsə salırlarsa, onun nə hüququ?!


- Rejimin qayda-qanunlarına riayət etməliyik.


- Mən heç nə bilmirəm.


Son illər cəzaçəkmə yerlərində aparılan islahatlardan çox danışılır. Ancaq bu islahatlardan əvvəl də, islahatların aparıldığı son illərdə də bir neçə cəzaçəkmə yerində məhz sosial şəraitin pis olmasına görə dustaqlar qiyam edib. Əgər sovet dövründə baş verən qiyamlar haqda xəbər olmurdusa, müstəqillik dövründə belə olmadı. Məhbusların yaxınları, vəkilləri, hüquq müdafiəçiləri vasitəsiylə bu xəbərlər kütləvi informasiya vasitələrinə, oradan da cəmiyyətə yayılmağa başladı:


Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Murad Sadəddinov dustaqların etirazı səslənən kimi həmişə onların yanında olan şəxslərdəndir. O, danışır ki, cəzaçəkmə yerləri nə qədər qapalı yer olsa da, indi bunu gizlətmək olmur: «Məhbuslar müxtəlif vasitələrdən istifadə edirlər. Gizli telefon varsa, onunla və yaxud nəzarətçilərlə məlumatı yaxınlarına çatdırırlar. Bizdəki cəzaçəkmə yerlərinin çoxunun ətrafında yaşayış məntəqələri var. Məhbuslar yüksəkliyə çıxıb qışqıranda, əllərində şüarlar tutanda ətrafdakı adamlar bunu görür və informasiya yayılır. Yəni, bunu gizlin saxlamaq çox çətindir».


Bakıda təxminən 17 cəzaçəkmə yerinin hərəsində 1000-1500 nəfər məhbus var
Müstəqillik dövründə məhbusların ilk qiyamı 1992-ci ildə olub. Həmin vaxt ayrı-ayrı cəzaçəkmə yerlərindəki məhbus qiyamının səbəbi dustaqların Qarabağ müharibəsinə getmələri tələbiydi. Onda 700-ə yaxın məhbusun tələbi yerinə yetirildi. Ancaq sonradan onların çoxu ordudan qaçdı. Bir çoxları isə silahlı qruplarda birləşdilər.


1993-cü ilin iyulunda isə 1 və 2 saylı cəzaçəkmə yerində 100-dən artıq dustaq qiyam qaldırdı. Onların tələbləri içərisində insan haqlarının pozulması, sosial-məişət şəraitinin pis olması dayanırdı. Sonradan bu qiyam məhbuslarla danışıqlar yoluyla yatırıldı.


1995-ci ilin sentyabrında isə 5 saylı cəzaçəkmə müəssisəsinin dustaqları itaətsizlik aksiyası keçirdilər. Onlar həbsxana rəhbərliyini insan haqlarını pozmaqda, korrupsiyada ittiham edirdilər. Həmin vaxt 100-dən çox məhbus etiraz olaraq müəssisənin damına çıxmışdı. Onların tələbləri içərisində rəhbərliyin dəyişdirilməsi, qida şəraitinin yaxşılaşdırılması, dərmanla təmin olunmaları, rüşvətxorluğun aradan qaldırılması və s. dayanırdı. Tələblərinin bir hissəsi yerinə yetirildikdən sonra oktyabrın 1-də dustaqlar aksiyanı dayandırdılar.


1996-cı ilin mayında isə 7 saylı müəssisədə bir qrup dustaq saxlanma şəraitinin pis olmasına, adminstrasiyanın onların dili ilə desək «obşak» yaratmasına mane olmaq cəhdlərinə etiraz olaraq qiyam qaldırdılar. «Obşak» həbsxanada dustaqların pul və bir sıra hüquqlarını bir nəfərə etibar etmələri ilə yaranan mini idarəçilik üsuludur. Koloniya rəisi vəziyyətə qarışanda isə qiyamçı dustaqlar ona bir neçə bıçaq vurmuşdular. Rəis sağ qalsa da, ona hücum edən məhbus həmin gün intihar etmişdi. Bununla da qiyam yatırılmışdı.


1999-cu ilin yanvarında isə Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırdı. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülmüşdü. Ancaq bununla belə dustaqlar 28 girov və silah götürə bilmişdilər. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edirdilər. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdilər. Girovlardan biri və 9 məhbus öldürüldü.


2005-ci ilin fevralında 11 saylı kolonda da qiyam oldu. Dustaqlar dama çıxıb haqlarının pozulmasına etiraz etdiklərini bildirir, rəislərinin istefasını tələb edirdilər. Günorta baş verən qiyam səhəri gün tamamilə yatırıldı. Ancaq cəzaçəkmə yerinin rəisi vəzifəsindən kənarlaşdırıldı.


«Filankəs «yatır»


. Çəzaçəkmə yerlərindəki qidalanmadan danışanda, məhbuslar əvvəlki illərdəki kimi narazılıq etmirlər. İndi cəza yerlərinin yeməkxanalarında nahar edən kifayət qədər məhbus var. Elə 1 saylı cəzaçəkmə müəssisəsinin yeməkxanasında da nahar vaxtı qələbəlik idi:


- Bu gün noxud şorbasıdır, dadlıdır, səmimi qəlbdən deyirəm. Püre də var, ətlə. Sümük də ətlidir. Yeməyimizə söhbət yoxdur.


Yeniyetmələrin saxlandığı cəzaçəkmə yerində də nahara hamı yığışır. Bir günə 600 qram çörək verilir. Həmin çörək bölünür, günə 200 qram olmaqla üç dəfə verilir. Birinci, ikinci yemək, kompot və çay da olur.


Sovet dövründə deyirdilər ki, filankəs həbsdədir. İndi isə həbsdə olan adam üçün deyirlər ki, filankəs «yatır». İndi bu yatmaq məsələsi həm də işsizliyi ifadə edir. Əgər sovet dövründə məhbusların əksəriyyəti işləyirdisə, indi işsizlik cəzaçəkmə yerlərinin də əsas problemlərindəndir. İndi çox az məhbəsxanada məhbuslar üçün iş yeri var. Cəza dövründə işləyən məhbus xoşbəxt məhbusdur.


Nə iləsə məşğul olanda cəza müddəti də tez keçir
Belə məhbuslardan biri Rövşən Kərimovdur. O, 11 saylı cəzaçəkmə yerində xəstəxanalar, hərbi hissələr üçün nəzərdə tutulan dəmir çarpayılar hazırlayır. Deyir ki, gündə 6-7 saat işləyir, əməyinin kiməsə lazım olduğunu biləndə, qazandığı pulu ailəsinə göndərəndə özünü xoşbəxt sayır.


Rövşən Kərimov 1000-ə yaxın məhbusun içində işləyən 20-30 nəfərdən biridir. Onun iş yoldaşı Kərim də işləməyin məhbus üçün böyük zövq olduğunu deyir.


Sovet quruluşu dağılandan sonra cəzaçəkmə yerlərindəki istehsalat da dayandı. Elə o vaxtdan da cəzaçəkmə yerlərinin rəsmi adı olan «islah-əmək müəssisəsi» ifadəsi ləğv olundu. Çünki əmək yox dərəcəsindədir. Bakıda təxminən 17 cəzaçəkmə yerinin hərəsində 1000-1500 nəfər məhbus var. Onlar özlərini yaxşı işçi qüvvəsi hesab edirlər. Həmin məhbuslardan biri İsmayıl masa, nərdtaxta, cürbəcür suvenirlər düzəldir.


Bakıdakı «Torqovı» adı ilə məşhur olan küçədəki satılan əl işləri, müxtəlif suvenirlər arasında həbsxanalarda hazırlanmış əl işlərinə də rast gəlmək olur. Satıcılar deyirlər ki, bu əşyaları onlara vasitəçilər gətirir.


Qadınların saxlandığı 4 saylı cəzaçəkmə yerində isə məhbus qadınların bir hissəsi xalça toxuyur. Rüxsarə deyir ki, xalça toxuyanda başı qarışır. Elə bilir ki, evdədir, ya da azadlıqda olduğu vaxtlar kimi işə gedir: «İşdən sonra zona gedirəm, kitabxanamız var, orada kitab oxuyuram. Uşaqlarıma məktub yazıram».


Psixoloq Rafiq Allahverdiyev isə deyir ki, məhbusların hansısa bir işlə məşğul olmaları onların həyata münasibətini də müsbət tərəfə dəyişir: «İşsizlik məhbuslarda ruh düşkünlüyü yaradır. Özlərini daha çox lazımsız insan sayırlar. İş isə onları tamam dəyişir. İtirilmiş keyfiyyətləri bərpa edir. Onlar nə iləsə məşğul olanda cəza müddəti də tez keçir. İşsizlik həm də əsəb, aqressivlik yaradır. Boş vaxtlar lazımsız söhbətlərə, münaqişələrə gətirib çıxarır».


İndi əvvəllər olduğu kimi məhbuslar saxlanma şəraitindən də narazı deyillər. Bunu özləri də, cəzaçəkmə yerlərində monitorinqlər aparan hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri də deyirlər. Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, 90-ci illərdən üzü bu yana dəyişən çox şey var: «Həmi vaxt Azərbaycanda koloniya sistemi ümumiyyətlə acınacaqlı vəziyyətdə idi. Vərəm geniş yayılmışdı, tibbi yardım yox dərəcəsindəydi, yeməklə təminat aşağı idi. İndi vəziyyət əvvəlkinə nisbətən xeyli yaxşılaşıb. Bunda beynəlxalq təşkilatların, hüquq-müdafiəçilərinin böyük rolu olub».


«Penitensiar xidmət ən çox korrupsiyalaşmış sistemdir»


Ancaq bu sahənin problemləri hələ də çoxdur. Cəzaçəkmə yerlərində monitorinqlər aparan hüquq müdafiəçisi Elçin Behbudov danışır ki, keçən il məhbusların intihar etməsiylə bağlı bir neçə fakt qeydə alınıb. Ölüm hallarının çoxu isə burda tapılan xəstəliklərlə, xüsusilə vərəmlə bağlıdır. Behbudov deyir ki, məhbuslara işgəncələr adətən cəzaçəkmə yerlərində yox, polis şöbələrində verilir. Cəzaçəkmə yerlərində isə dustaqlar daha çox «kars» adlanan cərimə kameralarına salınmaqla cəzalandırırlar. Burda saxlanma cəzaçəkmə yerindən qat-qat ağırdır.


Cəzaçəkmə yerlərinin problemlərindən danışanda, hüquq müdafiəçiləri rüşvəti xüsusi vurğulayırlar. Ancaq məhbuslar adətən pul tələb olunması haqqında geniş danışmaq istəmirlər, bu məsələnin üstündən ötəri keçirlər:


- Azərbaycanda pulsuz nə var ki...


Əgər cəzaçəkmə yerlərində məhbuslar bu mövzudan danışanda ehtiyat edirlərsə, ordan çıxanlar daha açıq danışırlar. «Müxalifət» qəzetinin əməkdaşı Yaşar Ağazadə 8 ay Bayıl həbsxanasında istintaq altında saxlanıb: «Həbsdən əvvəl məndən soruşsaydılar ki, ən çox korrupsiyalaşmış sistem haradır, deyərdim məhkəmə. Ancaq indisə deyirəm, penitensiar xidmət. Hər şeyin öz qiyməti var, məktub 1-2 manat, nəsə göndərmək 3 manat, qanunsuz görüş 40 manat…»


Bu yaxınlarda qohumunun yanına görüşə gedən Rafiq isə bunları danışır:


«Kalonların qabağında bir «butka» düzəldiblər. Hamı ora yaxınlaşmalıdır. Bir də görürsən bir nəfər peyda oldu, 3-4 nəfərin vəsiqəsini götürdü, hərədən 1-2 manat aldı, getdi. Gedib qayıtmağı azı 40 dəqiqə çəkir. Sonra yenə bu prosedur təkrar olunur».


Hüquq müdafiəçisi Murad Sadəddinov
Hüquq müdafiəçisi Murad Sadəddinov da məhbus yaxınlarından ona bu cür şikayətlərin daxil olduğunu bildirir. Ancaq deyir ki, bu problemi kökündən həll etmək üçün islahatlar çoxalmalı, cəzaçəkmə yerində işləyənlərin maaşları artırılmalıdır. Onların maaşı elə yüksək olmalıdır ki, gözlərini məhbusların əlinə dikməsinlər: «Rüşvət alma, süründürmə hər yerdə var. Həbsxana da cəmiyyətin güzgüsüdür. Həbsxanada işləyənlərin maaşları 2-3 dəfə artırılmalıdır. Mən həbsdə olan vaxtlar baraklarda siqaret çəkəndə nəzarətçilər 1000 manat cərimə edirdilər. 1998, ya da 1999-cu il olardı, əməkdaşların maaşı 50 faiz qaldırıldı. Ondan sonra o cəriməni yığışdırdılar. Bu, onu göstərir ki, maaşların artırılması münasibətlərə müsbət təsir göstərir».


Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi isə bildirir ki, qapıları həmişə camaatın üzünə açıqdır. Nə şikayətləri, təklifləri varsa, Baş İdarəyə müraciət etsinlər. Ədliyyə naziri Fikrət Məmmədovsa deyir ki, korrupsiyanın qarşısını almaq üçün çox işləmək lazımdır: «Biz gərək bütün sahələrdə tədbirlərimizi həyata keçirək. Özü də burda təkcə cəza siyasətiylə kifayətlənmək qeyri-mümkündür. Bütün dünyanı korrupsiyanın qarşısının alınması problemləri narahat edir».


Nazir penitensiar xidmətdəki islahatlardan danışmaqla bərabər bu sahədə problemlərin olduğunu da bildirir: «Penitensiar xidmətin təkmilləşdirilməsi, beynəlxalq təşkilatların tövsiyələrinin icrası üzrə xeyli işlər gedir. Ancaq bu, uzun sürən prosesdir».


Fikrət Məmmədov Avropa standartlarına cavab verəcək yeni cəzaçəkmə yerlərinin inşası haqqında layihə hazırlandığını, Naxçıvanda, Lənkəranda, Bakı ətrafında yeni cəzaçəkmə müəssisələrinin salınacağını da bildirir.


XS
SM
MD
LG