Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:58

Bakı kəndləri…


«Qaz vermirlər, işıq vermirlər, qalmışıq çarəsiz»
«Qaz vermirlər, işıq vermirlər, qalmışıq çarəsiz»

Bakı kəndləri son bir neçə ildə dəfələrlə böyüyüb. Sovetlər dönəmində bu kəndləri bir-birindən hektarlarla boş torpaqlar ayırırdı. İndi bu torpaqlarda minlərlə yeni evlər tikilib. Bu səbəbdən bəzi Bakı kəndlərinin sərhədlərini müəyyən etmək belə çətinləşib.


Ətraf kəndləri paytaxtın mərkəzi ilə birləşdirən magistral yolla hərəkət etdikcə yeni üslubda tikilən, rəngbərəng dam örtüklərinin bir qədər də cəlbedici göstərdiyi bu evlər olduqca xoş təəssürat yaradır. Ancaq bu, yalnız kənardan görüntüdür. Qəsəbələrə yaxınlaşdıqca, illərlə yığılıb qalan sosial problemlər - işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri bu xoş görüntünü bütünlüklə yoxa çıxarır.


«Axırıncı dəfə 1992-ci ildə qaz almışıq»


Bilgəh kəndinin sakini İlham Kərimov deyir ki, axırıncı dəfə 1992-ci ildə təbii qaz alıblar: «Elçibəyin prezidentliyi dövründə. O zamandan bugünə kimi qaz üzü görmürük. Soyuqdan ölürük. İşığın qiyməti qalxandan, günümüz lap qaradır. Qazandığımız hamısı işıq puluna gedir. Qorxudan heç elektrik sobalarını da yandıra bilmirik. Evdə uşaqlar, böyüklər hamısı xəstədir.


Bilgəhi paytaxtın mərkəzindən cəmi 30 km yol ayırır. Buna baxmayaraq kəndin problemləri ən ucqar dağ kəndlərinin problemlərilə eynidir. Sakinlərin ən böyük problemi isə elektrik və təbii qazla təminatdır. Yayda bu problemlər bir o qədər qabarıq görünmür. Qışda isə elektrikin və təbii qazın olmaması insanların həyatını dözülməz həddə çatdırır.


Bilgəhdə bir neçə evə baş çəkdik. Hansı həyətin qapısını açdıqsa, kandarda qalaqlanmış odun gördük. Otaqlarda temperatur 12 dərəcəni keçmirdi. Sakinlər deyirlər ki, kənd evləri böyük olduğundan onları qızdırmaq daha çətindir. Ona görə də yalnız mətbəxi birtəhər qızdırıb ailəlikcə günlərini burada keçirirlər.


Kənddə bəzi evlərin işığı yanırdı. Ancaq gərginlik zəif olduğundan evdəki elektrik cihazlarının heç biri işləmirdi.



Bilgəh sakinlərinin ən böyük problemi elektrik və təbii qazla təminatdır
Əgər qışda Bilgəhə birinci yox, ikinci dəfə getsəydim, mütləq məktəbli Gülarənin təcrübəsindən yararlanardım:

- Evdən rezin «sapoq»la çıxırıq. Sonra məktəbin yaxınlığına çatanda onları çıxarıb ayaqqabılarımızı geyinirik.


Gülarə deyir ki, məktəbləri də həddən artıq soyuqdur. Hər sinifdə şağirdlər öz hesablarına bir-iki elektrik qızdırıcısı alıblar. Ancaq elektrik enerjisinin verilişində uzun müddətli fasilələr olduğundan sinifləri qızdırmaq mümkün deyil. Ona görə də uşaqlar dərsdə də elə palto və əlcəklə otururlar.


Sakinlər deyirlər ki, rəsmi strukturlara müraciətlərinə heç vaxt aydın cavab almırlar. Ona görə də kəndin dolaşıq problemlərində kələfin ucu görünür ki, görünmür.


«Qaz gəlmirsə, mən nəyin pulunu verməliyəm?»


Maştağa kəndinin sakini Vahid Orucov ikinci qrup əlildir. Altı nəfərlik ailə onun 80 manat pensiyası və tikintidə işləyən oğlunun kiçik məvacibi ilə dolanır.


Vahid Orucovun həyat yoldaşı Züleyxa xala deyir ki, 2007-ci ilin iyul-avqust aylarında da işığı böyük fasilələrlə veriblər. Səbəb «Bakıelektrikşəbəkə»nin köhnə elektrik xətlərini alüminium xətlərlə əvəz etməsi olub. Yanvarın 10-dan «Bakıelektrikşəbəkə» ərazidə yenidən təmir işlərinə başlayıb. Bu dəfə beş ay öncə çəkilən naqillər İtaliya istehsalı olan yeni üçxətli kabellərlə əvəz edilir. Təbii qaz verilməyən evlərdə şaxtalı hava şəraitində elektrik enerjisinin də saatlarla kəsilməsi sakinləri lap təbdən çıxarıb. Onların fikrincə, yenidənqurma adı altında aparılan bu işlər əsl korrupsiya qaynağıdır.


- Mən yaşlı adamam, bir təhər bürünüb otururam. Bəs körpə uşaqlar? Bunları vaxtında etmək gərək idi.


Bakı kəndlərində müşahidə aparakən hər yerdə eyni mənzərənin şahidi olduq. Kəndlərin köhnə, belə demək mümkünsə, mərkəzi hissələrində təbii qaz və elektrik enerjisi təchizatı daha pisdir. Yeni yaşayış massivlərində isə bu məsələlər nisbətən tənzimlənir. Sakinlər bunu yeni evlərin magistral qaz və enerji kəmərlərinin yaxınlığında tikilməsilə izah edir. «Azəriqaz» Səhmdar Cəmiyyəti isə köhnə qaz borularının təmirini sakinlərin hesabına aparmaq fikrindədir. Sakinlər deyirlər ki, Qaz İstismarı İdarəsinin işçiləri köhnə qaz borularının təmiri üçün boruların uzunluğundan asılı olaraq hər məhəllədən 400-500 manat pul yığılmasını tələb ediblər.



«Evdən rezin «sapoq»la çıxırıq»
Sakinləri narahat edən həm də odur ki, «Azəriqaz»ın yerli bölməsi onların şikayətlərinə məhəl qoymur:

- İki gündən bir gəlirlər ki, pul ver. Axı qaz gəlmirsə, mən nəyin pulunu verməliyəm?


Yolumuzu Maştağa Qaz İstismarı İdarəsindən saldıq. Ancaq orda da suallarımıza cavab verəcək səlahiyyətli şəxs tapa bilmədik. Dedilər ki, sabah Aşura olduğuna görə, nə rəis, nə də onun müavinləri işə gəlməyib. Üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinə. Burada da əhalini işıqsız, qazsız qoyan rəsmiləri görə bilmədik. Katibə hamının məsciddə Şamu-Qəriban mərasimində olduğunu dedi.


Suallarımıza cavab verəcək rəsmi şəxsin axtarışı ilə gəlib Maştağa Bələdiyyəsinə çatdıq. Bələdiyyə binasında da nə işıq yanır, nə qaz gəlirdi. Bələdiyyənin sədri Məhərrəm Həsənzadə isə qaranlıq və soyuq otağında nikbin danışır. Deyir ki, çox keçməz sakinlərin çətinlikləri arxada qalar. Onun sözlərinə görə, Bakı kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı belə deməyə əsas verir:


- İndi Maştağa, Bilgəh, Nardaran, Pirşağı, Kürdəxanı kəndlərinə ayrıca yarımstansiyadan elektrik ötürülür. O zamandan abunəçilərin elektrik enerjisi ilə təminatı xeyli yaxşılaşıb. İyul ayından bugünə qədər daxili imkanlar hesabına imkansız ailələr üçün 11 min manat elekrik enerjisi borclarını ödəmişik.


«Adamın qanı donur bədənində»


Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb. Sakinlər öz hesablarına dəfələrlə boru alıb icra strukturlarına veriblər ki, xətləri təzələsinlər. Ancaq deyirlər ki, hər dəfə təmir zamanı yeni borular köhnələrlə dəyişdirilir. Ona görə bir-iki aydan sonra xətlər yenə sıradan çıxır. Biz kənddə olanda kənd Bələdiyyəsinin binası da aşıb-daşan kanalizasiya sularının içərisində idi. Ərazidəki ikimərtəbəli binalar Zabrat qəsəbəsində yerləşən 76 saylı Mənzil İstismar Sahəsinin (MİS) balansındadır. Ancaq MİS-in işçilərini ərazidə yalnız ev pulu yığarkən görmək olar. Ona görə də sakinlər şikayətlərini yenə də yaxınlıqda yerləşən Bələdiyyəyə ünvanlayırlar.


Bələdiyyə sədri isə deyir ki, bu da düzələcək. Çünki əraziyə yeni kanalizasiya xətti çəkilir:



Maştağanın böyük hissəsində kanalizasiya xətti yoxdur
- Maştağa, Bilgəh, Nardaran, Pirşağı, Kürdəxanı bir xətdə birləşəcək. Bu beş qəsəbə üçün kanalizasiya xətti artıq çəkilir.

Ötən il kəndin bir neçə məktəbində yeni qazanxanalar quraşdırılıb. Ancaq bu qazanxanaların işə düşməsi üçün həm enerji, həm də təbii qaz olmalıdır. Başqa sözlə, qazanxana işə salınarkən elektrik naqillərinin yaratdığı qığılcım qazı alışdırmalı və borularla binalara ötürülən suyu qızdırmalıdır. Bütün bunlar isə müəllimlərə də, şagirdlərə də xülya kimi görünür. 293 saylı məktəbin müəllimi Minayə Muradova:


- Gedirik məktəbə, dərs keçə bilmirik. İki saatdan sonra uşaqlar da artıq dinləyə bilmirlər. Durub gəzişirlər. Müəllimlər də onlar kimi. Bildiklərimiz də yadımızdan çıxır. Dərs sistemi bütünlüklə pozulub. Heç cür dözmək mümkün deyil. Adamın qanı donur bədənində. Evimiz də bu gündə, işimiz də bu gündə. Paltonu heç yatanda da əynimizdən çıxara bilmirik. Adamın uşaqlara yazığı gəlir. Dərsdən qalanda acıqlanırıq ki, niyə gəlmirsiz? Uşaqların evləri də o gündədir. Təhsilin səviyyəsi həddindən artıq aşağı düşür. Bu, bizdən asılı deyil. Artıq neçə ildir ki, biz belə şəraitdəyik. Təhsil ili 9 aydırsa, biz yalnız onun 3 ayını normal dərs keçə bilirik.


Minayə müəllimə deyir ki, məktəblərdəki şəraitsizlik Bakı kəndlərində hökm sürən cəhalətin əsas səbəbkarıdır. Şəraitsizlikdən məktəbi qurtaran oğlanlar çörəkpulu dalınca xarici ölkələrə üz tutur, qızlar isə bəxtlərinin açılacağı günü gözləyirlər. Bu səbəbdən bütün kəndlərin ən işlək müəssisələri olan mərtəb və xəstəxanalarda belə yerli kadrların sayı azalır.


- Keçən il bizim məktəbdən yalnız bir nəfər ali məktəbə daxil oldu.


«Xırdalanın ən böyük problemi məşğulluqla bağlıdır»


Xırdalan kəndi Bakının ən qədim kəndlərindən biridir. Son 10 ildə bu kənd də xeyli böyüyüb. Bu səbəbdən 2007-ci ildə Xırdalana şəhər statusu verilib. Xırdalan şəhərinin sakinləri isə hələ də özlərini bakılı sayırlar. Deyirlər ki, şəhər statusu alandan sonra qəsəbədə çox az dəyişiklik olub. Sadəcə, magistral yol və bir neçə daxili yollar təmir edilib. Qalan problemlər isə olduğu kimi kənddən şəhərə köçüb:


- Qaz vermirlər, işıq vermirlər, qalmışıq çarəsiz.


Xırdalan məktəblərində isə istilik qızdırıcıları normal işləyir. Bu səbəbdən şagirdlər soyuqdan şikayətçi deyillər. Hətta burada məktəblər normal qızdırıldığından qonşu Binəqədi kəndindən də təhsil almaq üçün bura gələnlər var.



«İşıqla normal təmin edilirik»
Xırdalan sakinləri deyirlər ki, ən böyük problemləri məşğulluqla bağlıdır. Burada da əhalinin çoxu işsizdir. Sakinlər rəsmilərin Azərbaycanda altı yüz mindən artıq iş yerinin açılması haqda dediklərinə də inanmır:

- Yəqin onlar qul bazarında dayananları da işləyən əhali sayırlar. Bunlar iş yeri deyil axı…


Bakı kəndlərində çayxanalar yenə sakinlərin əsas görüş yeridir. Kim-kimi axtarırsa yenə gəlib onu çayxanada tapır. Sakinlər deyrlər ki, işsiz-gücsüz adamlarıq, zamanın gərdişini müzakirə etmək üçün isə indi tək yer çayxanalardır. Onların sözlərinə görə, buna səbəb həm də siyasi partiyaların qəsəbələrdəki qərargahlarının alınması, ya da yoldan-izdən uzaq yerə köçürülməsidir. Kəndin mərkəzində ancaq hakim partiyanın qərargahı var.


Xırdalan Bələdiyyəsinin üzvü Məzair Səlimov isə burada böyük dəyişikliklərin olduğunu bildirir:


- Böyük park salınıb, işıqla, təbii qazla normal təmin edilirik. Keçid dövrüdür də. Kənddə sayğac qoyulur. Bununla bağlı elektrik verilişində fasilələr olur. İşıq yana-yana sayğac qoymaq olmur, axı. Sözsüz, bir aydan sonra elekrik xətləri tam gücü ilə işləyəcək.


Bələdiyyə üzvünün bu fikirlərini «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev da bölüşür. Onun sözlərinə görə, aparılan təmir işləri abunəçilərin xeyrinədir:


- Harda yarımçıq xətlər var, orda yeni xətlərin çəkilişi davam etdirilir. Yeni xətlər həm yüklənmənin qarşısını alır, həm də xətlər daha keyfiyyətli kabellərlə əvəz olunur. Gərginliyin aşağı olmasına, bəzi hallarda isə enib-qalxmasına səbəb xətlərin həddən artıq yüklənməsidir.


2007-2009-cu illər «Bakıelektrikşəbəkə»nin yenidən qurulması üzrə İnkişaf Proqramının ikinci mərhələsi olacaq. Tanrıverdi Mustafayev deyir ki, 2008-ci ildə Bakının 32 kəndinin hamısında təmir-tikinti, yenidənqurma, modernləşdirmə işləri aparılacaq. Əhalinin qabaqcadan xəbərdar edilməsi şərtilə:


- Beş yeni, modern transformator məntəqəsi tikilir. 0,4 kilovoltluq xətlərin hamısı yenilənir. Bütünlükdə köhnə sistem yox edilir, ən son texnologiyalarla təmin edilməklə yeni sistem qurulur.


«Əgər regionun lider dövləti biziksə, elə belənçi dünya dağılsa yaxşıdır»


Söhbət etdiyimiz Bakı sakinləri deyirlər ki, onlara ən çox təsir edən neft yataqlarının əhatəsində yaşamalarına baxmayaraq təbii yanacağa, elektrik enerjisinə həsrət qalmalarıdır. Sakinlər anlaya bilmirlər ki, nədən Avropa bazarlarına çıxarılan, hətta uzaq Amerikaya belə gedib çıxan milli sərvət onların həyatlarına müsbət dəyişikliklər gətirmir. Neft pullarının necə xərclənməsi məsələsinə Bakı sakinlərinin də təklifləri var:



Xırdalan şəhər statusu alsa da, problemləri olduğu kimi qalıb
- Adamlar tanıyıram ki, ayda bir kiloqram ət alıb yeyə bilmirlər. Dövlət belə insanlara yardım etməlidir. Neft gəlirlərinin o qədər maxinasiyaları var ki…Gəlirlər yuxarıda işləyənlərin ciblərinə gedir, kasıblara heç nə çatmır.

Bakı kəndlərinin sakinləri deyirlər ki, zaman onlar üçün sanki tərsinə işləyir: «Biz iyirmi birinci əsrdə yaşamırıq, ildırım sürətilə on doqquzuncu əsrə doğru gedirik». Bakı kəndlərində yaşayanların güzəranı ötən əsrin altmış-yetmişinci illərində sovet kinematoqrafiyasının istehsal etdiyi İkinci Dünya savaşı ilə bağlı filmlərə bənzəyir. Hansı qapını açırsan qaranlıq, soyuq, ağ neft, salyarka qoxusu, büzüşüb bir-birinə qısılan uşaqlar, yorğana bürünüb ümidini yaza bağlayan qocalar.


Paytaxta qayıdarkən marşrut avtobusunda dövlət radiosunda bir iqtisadçı Azərbaycanın regionun lider dövləti olduğundan danışırdı. Kələ-kötür, palçıqlı Xırdalan dairəsini birtəhər dönən kimi sürücü radioda kanalı dəyişib maraqlı Bakı ləhcəsilə etiraz etdi:


- Lider a! Əgər regionun lider dövləti biziksə, elə belənçi dünya dağılsa yaxşıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG