Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:07

«Ermənistan seçiciləri üçün Qarabağ bir nömrəli məsələ deyil»


Son həftələrdə Yerevanda müxalifətin mitinqlərinə gələnlərin sayında artım hiss olunur
Son həftələrdə Yerevanda müxalifətin mitinqlərinə gələnlərin sayında artım hiss olunur

«İkinci tur olmayacaq, biz məsələni elə birinci turda həll edəcəyik. Serj Sarkisyan səslərin 60 faizindən çoxunu qazanacaq».


Bunu hakim Respublika Partiyasının sədr müavini Qalust Saakyan deyib.


Fevralın 5-də Yerevana Rusiyanın Baş naziri Viktor Zubkov da gəlir. Onu Ermənistana iqtidarın namizədi - Baş nazir Serj Sarkisyan dəvət edib. Hakimiyyətin nəzarətində olan televiziyalar bunu tez-tez qeyd edirlər. Sanki, bununla xalqa göstərmək istəyirlər ki, Rusiya tam şəkildə Sarkisyanı müdafiə edir.


Son həftələrdə Yerevanda müxalifətin mitinqlərinə gələnlərin sayında artım hiss olunur. Xüsusən də parlamentin keçmiş sədri Artur Baqdasaryan və keçmiş prezident Levon Ter-Petrosyanın mitinqlərinə.


Levon Ter-Petrosyan iqtidarı və onun namizədini kəskin tənqid edir – xüsusən də Qarabağ məsələsində. O deyir ki, Ermənistan militarist siyasətdən əl çəkməli, Qarabağ məsələsində güzəştlərə getməli, Azərbaycanla, Türkiyəylə münasibətləri yaxşılaşdırmalı, hərbi xərcləri azaldıb, həmin pulları xalqın dolanışığını yaxşılaşdırmağa yönəltməlidir.


Amma «Azadlıq» radiosunun regional eksperti Liz Füller deyir ki, Ermənistan seçiciləri üçün Qarabağ bir nömrəli məsələ deyil:



«Ter-Petrosyanın imici bir «filosof padşah» imicidir»
«Mən deyərdim ki, sıravi vətəndaş üçün Qarabağ məsələsi iqtisadiyyat qədər mühüm deyil. Onu narahat edən məsələ odur ki, niyə işsizdir, əgər işi varsa, niyə az maaş alır. İnsanlar istəyirlər ki, onların uşaqları indikindən yaxşı şəraitdə yaşasınlar. Sovet İttifaqının dağılmasından 17 il keçir, amma Ermənistan Azərbaycan qədər inkişaf etməyib, hərçənd, Ermənistanın Azərbaycan kimi nefti yoxdur».

Amma Liz Füller deyir ki, Ter-Petrosyanın çıxışları Qarabağ məsələsi olmadan da ictimai rəyə təsir edə bilir:



«Bu həqiqətdir ki, vaxtilə Ter-Petrosyanın ətrafında olanlar korrupsiyaya bulaşıb. Amma Ter-Petrosyanın imici bir «filosof padşah» imicidir, yəni korrupsiyadan uzaq bir adam imici. Hətta belə demək olar: o, bir simvol, fiqurdur».


Liz Füller deyir ki, Ter-Petrosyanın şansları demokratik seçkidə yüksək sayıla bilərdi. Amma onun fikrincə, seçkilərin azad və ədalətli keçiriləcəyinə inananlar çox azdır.


Bir çoxları güman edir ki, 90-cı illərdə Levon Ter-Petrosyanın hakimiyyətdən getməsində Rusiyanın əli olub. İndi Moskva təzədən həmin adamın dövlət başçısı olmasına necə baxar?


Azərbaycanlı politoloq Elxan Mehdiyev deyir ki, Ter-Petrosyan Rusiya haqda heç bir mənfi fikir bildirməyib, heç bir namizəd bunu etməyib. Ortada bir əsas yoxdur ki, Moskva hansısa namizədə pis baxsın.


Ancaq Elxan Mehdiyev deyir ki, hakimiyyətin namizədi - Baş nazir Sarkisyanın Rusiyayla özəl əlaqələri var:


«O, Müdafiə naziri olanda, Rusiya ilə münasibətlərin qurulmasında mühüm rola malik olub. O, Rusiyanın hərbi-sənaye kompleksi ilə sıx bağlıdır. Bundan başqa, o, Rusiya-Ermənistan Komissiyasının sədridir, iki ölkənin əməkdaşlığına aid bütün məsələlər onun nəzarətindədir. Məncə, Rusiya ən çox onu prezident kimi görür».



«Bütün güc strukturları Baş nazir Sarkisyana sadiqdir»
Elxan Mehdiyev hesab edir ki, demokratik seçki olmayacağı halda müxalifətin etiraz aksiyaları ilə nəyəsə nail olması çətindir, çünki bütün güc strukturları Baş nazir Sarkisyana sadiqdir.




Mümkün saxtakarlıqlara beynəlxalq ictimaiyyətin sərt reaksiyasını gözləmək olarmı?


«Azadlıq» radiosunun eksperti Liz Füller deyir ki, Qərb ölkələrini Ermənistanda daha çox sabitlik maraqlandırır:


«Mən ehtiyat edirəm ki, Gürcüstanda olduğu kimi, beynəlxalq ictimaiyyət Ermənistanda da seçki proseduralarının pozulmasına, səslərin oğurlanmasına göz yumacaq. Deyəcək ki, bütün bunlar o qədər də geniş yayılmayıb. Onlar Ter-Petrosyana deyə bilərlər ki, biz təəssüflənirik, amma Siz saxtakarlıqları sübut edə bilmirsiniz. Əgər qan tökülsə, bunun heç kimə faydası olmayacaq. Siz gərək, vəziyyətlə barışasınız».


Bu arada müxalifət namizədləri bəyan ediblər ki, səsvermə günü – fevralın 19-a qədər kütləvi aksiyaları davam etdirəcəklər. Amma hələ ki seçkidən sonrakı mümkün addımlar haqda ucadan danışılmır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG