Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Şallaq hökmünün icrasına mane olan Abbas Lisani yenidən həbs edilib


Abbas Lisaninin Ərdəbil həbsxanasından ailə üzvləri tərəfindən çəkilən şəkli
Abbas Lisaninin Ərdəbil həbsxanasından ailə üzvləri tərəfindən çəkilən şəkli

Bu günə qədər Ərdəbil zindanında saxlanılan tanınmış milli fəal Abbas Lisaninin 18 aylıq həbs müddəti dekabrın 31-də başa çatıb. Lakin, o, azadlığa buraxılmadan həmin gün Əhər zindanına köçürülüb.


18 ay həbs və 50 şallaq zərbəsinə məhkum edilmiş milli fəal həbsinin son günündə şallaq cəzasının icrası üçün Ərdəbilin İnqilab məhkəməsinə aparılıb. Lakin, hökmün qeyri-qanuni olduğuna etiraz edən cənab Lisani müqavimət göstərərək bu işə mane olub.


Fəalın həyat yoldaşı Ruqiyyə Lisani bu haqda «Amerikanın Səsi» və «Fərda» radiosuna verdiyi müsahibədə bildirib ki, fəal müqavimət göstərdikdən sonra hakim hökmün icrası üçün zor tətbiq edilməsinə hökm verib. Lakin məhkəmədəki məmur və əsgərlərin heç birisi bu işə hazır olmayıb.


Yanvarın birində ETTELAAT əməkdaşları başqa bir hökmün icrası bəhanəsinə heç bir sənəd göstərmədən Abbas Lisanini Əhər zindanına aparıblar.


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani bildirir ki, vaxtilə cənab Lisani 2005-ci ilin Babək qalası mərasimində çıxış etdiyinə görə bir il Əhər şəhərində həbsə məhkum edilmişdi. Lakin, həmin hökm apellyasiya məhkəməsinə verilib və bu günə qədər də apellyasiya məhkəməsinin vaxtı təyin olunmayıb. Xanım Zamaninin fikrincə A. Lisaninin yenidən həbs edilməsi qeyri-qanunidir.


Abbas Lisani dəfələrlə elan edib ki, özü və başqa Azərbaycan fəallarının həbsinin qeyri-qanuni olduğuna inanır, milli fəallara qarşı şallaq hökmlərinin icrasını isə təhqir hesab edir.


İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda fəaliyyət göstərən 40 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2005-ci il Babək qalası yığıncağı, 2005-ci il avqust ayı Məşrutə inqilabının ildönümü, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasim və nəhayət 2006-cı ilin may ayında rəsmi qəzetdə dərc edilmiş karikaturalara etiraz nümayişlərində iştirak etdiyinə görə son il ərzində 5 dəfə mühakimə edilib, həbs, şallaq və sürgünə məhkum olunub.


Başqa məlumata görə, Abbas Lisaninin həbsinə etiraz edən təbrizli fəal Həsən Əsədi və onun ailə üzvləri ETTELAAT əməkdaşlarının ciddi təzyiqi ilə üzləşib.


Bu haqda «Media Forum» saytı xəbər verir ki, ötən həftə ETTELAAT əməkdaşları H.Əsədini tutmaq üçün onun qaldığı evə gəliblər. Əsədi evdə olmayıb. ETTELAAT əməkdaşları onun ailəsini, o cümlədən xanımını təhqir edərək milli fəalın yerini demələrini tələb ediblər.


Cənab Əsədi 11 ay əvvəl Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün həbs edilmişdi. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra təxminən 70 min dollar mülk girovu müqabilində azadlığa buraxılmışdı.


Onun nə səbəbə görə yenidən təqib edildiyi aydın deyil.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG