Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

İcra Hakimiyyətinin saytının Yeni ilin gəlişindən xəbəri yoxdur


Bakıda təşkil olunan tədbirlər haqqında BŞİH məlumat verməyə borcludur
Bakıda təşkil olunan tədbirlər haqqında BŞİH məlumat verməyə borcludur

28 avqust 2007-ci il. Bakıda 16 mərtəbəli bina uçdu. 25 nəfər həlak oldu, 4 nəfər yaralandı. Bu hadisə bir aydan çox müddətdə təkcə Bakıda yox, bütün Azərbaycanda diqqətlə izləndi... Sanki təkcə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) internet saytının faciədən «xəbəri olmadı».


İnternetdə - axtarış proqramlarında bu hadisə ilə əlaqəli informasiya axtardıq. Yalnız qəzetlərin, agentliklərin, qeyri-hökumət təşkilatlarının məlumatları tapıldı. BŞİH-nin açıqlamasını isə rəsmi internet saytından yox, «Üç nöqtə» qəzetinin internetdəki «Bakıda hündürmərtəbəli bina çökdü» başlıqlı yazısından oxuduq:


«İnformasiya əldə edilməsi haqqında» qanunun 29-cu maddəsində deyilir:

«İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş 34 adda informasiyanı açıqlamalıdır».
«Hadisə yerində olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, həmin tikiliyə Bakı şəhər İcra Hakimiyyəti icazə verməyib».


Media məsələləri üzrə ekspert Azər Həsrət deyir ki, şəhər rəhbərliyi İcra Hakimiyyətinin rəsmi saytında binanın çökməsi haqqında məlumatlar yerləşdirməyə borcludur:


«Binanın tikilməsinə verilən icazə, onun tarixi, hansı səbəblərdən verildiyi haqqında elə bir məlumat yerləşdirməlidir ki, internet səhifəni ziyarət edən insanda əlavə sual yaranmasın. Hadisə baş verən an saytdan istifadə edən özünün informasiya tələbatını tam təmin etmiş olmalıdır. Amma görürsünüz ki, orada ümumiyyətlə, informasiya yoxdur».


Bakı şəhər İcra Hakimiyyətinin www.bakucity.az ünvanında xəbərlər 13.11.2007-ci il tarixindən başlayır.


BŞİH-nin internet səhifəsindəki anonslar bölməsinə baxanda isə, bu elanı görə bilərsiz:


«Əziz bakılılar və şəhərimizin qonaqları!


Bakı şəhər İcra Hakimiyyəti sizi bu təravətli və füsunkar bahar günlərində ulu öndər Heydər Əliyevin ad günü münasibətilə Gül bayramına dəvət edir. Bayram mayın 10-da saat 13.00-dan 23-00-dək Dənizkənarı Milli Parkda («Azneft meydanı»ndan Paraşüt qülləsinədək ərazidə) keçiriləcək. Bakı şəhər İcra Hakimiyyəti»


Artıq 31 dekabr 2007-ci ildir...


Bakının baş meydanında - «Azadlıq meydanı»nda Yeni il şənliyi keçiriləcək.


BŞİH-nin saytında bu ən böyük Yeni il şənliyi haqqında da heç bir məlumat yoxdur.


BŞİH-nin mətbuat xidmətinin əməkdaşı deyir ki, onlarda bu tədbir haqqında informasiya yoxdur:


«İcazə alınsaydı, bizdə məlumat olardı... Bu, BŞİH-nin keçirdiyi tədbir deyil. BŞİH-nin internet səhifəsində yalnız bizim tədbirlər işıqlandırılır...».


Azər Həsrət isə deyir ki, Bakı şəhərinin bütün infrastrukturu BŞİH-nə tabedir. Ona görə də Bakıda təşkil olunan tədbirlər haqqında BŞİH məlumat verməyə borcludur, hətta onları İcra Hakimiyyəti keçirməsə belə:


«Hətta televiziyada, radioda elanlar verilir ki, tədbir keçirilən vaxt hansısa küçələr bağlanacaq. Bu, artıq BŞİH-nə dəxli olan məsələdir… O, bu haqda informasiya verməyə və özünün internet saytında yerləşdirməyə borcludur».


Hüquqşünas Ələsgər Məmmədli də deyir ki, BŞİH-nin tənzimlədiyi bütün məsələlərlə bağlı informasiyalar qurumun rəsmi saytında yerləşdirilməlidir:


«Bakıda baş verən bütün kütləvi tədbirlər BŞİH-nin səlahiyyətindədir. Əgər informasiya olmadığını deyirlərsə, yalandır. Təşkilatçının kimliyindən asılı olmayaraq, şəhərin istənilən istiqamətində keçirilən tədbir öncədən razılaşdırılmalıdır. İcazə verməyiblərsə, o zaman polisə məlumat verməlidirlər. Necə ki, başqa icazəsiz tədbirləri qadağan edirlər».


Ələsgər Məmmədli xatırladır ki, İnzibati Xətalar Məcəlləsinin 181-1-ci maddəsinə əsasən, açıqlanması zəruri olan informasiya yayılmayıbsa, informasiya sahibi məsuliyyət daşıyır.


Media məsələləri üzrə ekspert Azər Həsrətin fikrincə, dövlət qurumlarının çoxları internet saytlarının hazırlanmasına dırnaqarası baxır:


«Onlar bunun mahiyyətini kifayət qədər dərk edə bilmirlər. Digər tərəfdən də, «İnformasiya əldə etmək haqqında» Qanundan ya xəbərləri olmur, ya da xəbərdar olub, ona sayğısız yanaşırlar».


Yeni illə əlaqədar BŞİH-nin keçirdiyi tədbirlərdən danışarkən isə, BŞİH-nin mətbuat xidmətinin əməkdaşı qısaca bu məlumatı verdi:


«Bakının Baş Yolkası Hüseyn Cavid heykəlinin yanındadır. Mən yalnız bunu deyə bilərəm».


BŞİH-nin internet saytında şəhərdə quraşdırılan yolkaların sayı, onlara ayrılan maliyyə və yolkaların yerləşdiyi məkanlar haqqında da heç bir informasiya yoxdur...


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG