Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Azərbaycanı gələn il nələr gözləyir?


Siyasətçilərin gələn ilə aid gözləntiləri müxtəlifdir
Siyasətçilərin gələn ilə aid gözləntiləri müxtəlifdir

«Başa vurmaqda olduğumuz il ölkənin idarəçiliyində vətəndaş cəmiyyətinin iştirakı tamamilə sıfıra endirildi». Bunu «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir. Onun sözlərinə görə, müxalifətin fəaliyyət imkanları əlindən alınıb, qeyri-hökumət təşkilatlarının təsir dairəsi azalıb və müstəqil mətbuat az qala sıradan çıxarılıb: «Bununla da Azərbaycanda gələcəkdə baş qaldıracaq siyasi ekstremizmin əsası qoyuldu».


Oruclu hesab edir ki, hadisələrin bu şəkildə davam etməsi 2008-ci ildə keçirilməsi gözlənən prezident seçkisində hakimiyyətin qələbəsini tamamilə təmin edəcək. Onun fikrincə, müxalifət yeni ideya və təşəbbüslərlə çıxış etməyə hazır olmadığından reallıqla barışmaq məcburiyyətindədir. Ərəstun Oruclu güman edir ki, 2008-ci ildə də qiymət artımı, inflyasiya davam edəcək. Bu isə əhalidə radikal əhval-ruhiyyənin güclənməsinə gətirib çıxara bilər: «Hakimiyyət müxalifəti tamamilə sıradan çıxarmaq yolunu tutsa və onu hansısa radikal qüvvəylə əvəzləmək istəsə, Azərbaycanda Suriya və Pakistan variantları gerçəkləşə bilər».


Ekspert düşünür ki, indi Pakistanda məhz radikal qüvvələrin arenaya gəlməsi hakimiyyətin demokratik islahatlar aparmamasının göstəricisidir.


Millət vəkili Pənah Hüseyn isə ehtimal edir ki, 2008-ci ildə əsas mübarizə hakimiyyətlə ənənəvi müxalifət arasında gedəcək. Ancaq o da gələcəkdə proseslərin təhlükəli istiqamətdə inkişaf edə biləcəyini istisna etmir: «Əgər 2008-ci ildə demokratiya sarıdan irəliləyiş baş verməsə, onda liberal dəyərlərə söykənən müxalifəti tamam başqa prinsiplərə əsaslanan müxalifətin əvəzləməsi baş verə bilər».


Ancaq hakim düşərgədə belə ehtimalları bir növ ucuz hədələr kimi dəyərləndirirlər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, kimin müxalifət olacağını hakimiyyət müəyyən etmir. Əslində, o da ənənəvi müxalifətin başqa qüvvələrlə əvəzlənə biləcəyini istisna etmir. Ancaq Qurbanlının sözlərinə görə, həmin müxalifət də indiki müxalifətdən güclü olmayacaq.


YAP rəsmisi bildirir ki, müxalifətin güclü olub-olmaması hakimiyyətin siyasətini xalqın dəstəkləməsindən asılıdır: «Prezident İlham Əliyevin məqsədyönlü siyasəti xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu siyasət müdafiə edilir. Ona görə də köhnə və ya yeni müxalifət vəziyyəti dəyişmir».


Siyasətçilərin ölkənin gələn ilə aid iqtisadi həyatı ilə bağlı gözləntiləri də müxtəlifdir. Pənah Hüseyn düşünür ki, real iqtisadi islahatlar aparılmasa, korrupsiyaya qarşı mübarizə güclənməsə, neft pullarının infrastruktur layihələri adı altında mənimsənilməsi davam edəcək. Mübariz Qurbanlı isə deyir ki, 2008-ci ildə əhalinin sisial rifahı bir qədər də yaxşılaşacaq. Ancaq onların düşüncələri prinsipial olaraq əsasən bir məsələdə ciddi şəkildə fərqlənmir. Nə hakimiyyət, nə də müxalifət təmsilçiləri 2008-ci ildə Qarabağ münaqişəsinin həll ediləcəyi ilə bağlı qəti əminlik dilə gətirmirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG