Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

«Azərbaycan İrana nota verməli idi»


MTN-in dekabrın 14-də yaydığı məlumat Tehranın ciddi narazılığına səbəb olub
MTN-in dekabrın 14-də yaydığı məlumat Tehranın ciddi narazılığına səbəb olub

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dekabrın 14-də yaydığı məlumat Tehranın ciddi narazılığına səbəb olub. İranın Azərbaycandakı səfirliyi dekabrın 17-də açıqladığı bəyanatda MTN-in məlumatını «hakimiyyətdəki aşağı rütbələrdə olan ünsürlərin» əməli sayır. Səfirliyin bəyanatında deyilir ki, bu ssenari ABŞ və İsrailin kəşfiyyat orqanlarının, eləcə də Azərbaycan dövləti daxilindəki bəzi dairələrin məhsuludu.


MTN-in məlumatında Azərbaycanda təxribatlar həyata keçirmək istəyən «Səidin dəstəsi» adlı qrup üzvləri İran kəşfiyyat orqanlarıyla işbirliyində ittiham olunur. İranın narazılığına səbəb də elə budu. Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə də dəvət edilib. Tehran istəyir ki, Bakı məsələ ilə bağlı sübutlar təqdim etsin.


Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim deyir ki, səfir Abbasəli Həsənovun İran XİN-ə çağırılması barədə məlumata malik deyil. Amma nazirlik bu məsələni araşdırmaqdadı. Xəzər İbrahimə görə, Azərbaycanın atacağı addımlar da həmin araşdırmaların nəticəsindən asılı olacaq: «Hansısa bəyanata, mövqeyə lüzum duyularsa, onu edərik».


Amma ekspertlər hesab edirlər ki, MTN-in məlumatı məhkəmədə təsdiqini tapmış sübutlara söykəndiyindən Bakı İrana diplomatik şəkildə etirazını bildirməli idi. Azərbaycan-Avroatlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbərə görə, bu bəyanatı dəlil və sübutları İrana təqdim etməklə Milli Təhlükəsizlik yox, Xarici İşlər Nazirliyi yaymalı idi. Həm də Tehrana nota verməklə: «Əgər bu işdə xarici iz var idisə, istintaq yoluyla sübuta yetirilirdisə, ciddi əsaslandırılmış şəkildə XİN İrana nota verə bilərdi. Ola bilsin, hansısa qapalı kanallarla Azərbaycanla İran arasında danışıqlar gedib. Əgər bu danışıqlar olubsa da, İranın davranışları onu göstərir ki, nəticəsiz qalıb».


«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə hesab edir ki, dəqiq dəlil və sübutlar olmadan MTN-in iki ölkə arasında gərginliyə səbəb ola biləcək məlumat yayması mümkün deyil. Bu baxımdan o, hesab edir ki, İran Azərbaycanla sərt dildə danışmamalı, əksinə problemin araşdırılmasını istəməlidir.


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərastun Oruclu isə düşünür ki, bu məsələdə Azərbaycanın çəkingən mövqe tutması düzgün deyil. Onun sözlərinə görə, əslində, Xarici İşlər Nazirliyi məhkəmə hökmüylə sübuta yetirilən məlumatla bağlı İrandan izahat tələb etməlidir.


MTN İran səfirliyinin açıqlamasını şərh etmədi. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyir ki, bəyanatla tanış deyil.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG