«Aprelin 20-də redaksiyadan evimə gedərkən, 2 nəfər naməlum şəxs mənə basqın etdi. Sonradan müəyyənləşdirdim ki, onlardan biri polis, digəri isə Müdafiə Nazirliyinin əməkdaşıdır. Təəssüflər olsun ki, cinayət işi başlanmasına baxmayaraq, bu günə kimi heç bir irəliləyiş yoxdur».
«Gündəlik Azərbaycan» qəzetinin keçmiş şef-redaktoru Üzeyir Cəfərov danışır ki, sonradan Daxili İşlər Nazirliyi açıqlama verib ki, jurnalist guya özü-özünə xəsarət yetiribmiş. Amma o, bu faktın gülünc olduğunu bildirir.
Ancaq polis deyir ki, onlar jurnalistləri döymürlər, sadəcə, bəzən media təmsilçiləri öz peşəsini unudur, aksiya iştirakçısına çevrilib, polisə müqavimət göstərirlər. Bax onda da polis öz dəyənəyini işə salır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov: «Əgər mətbuat nümayəndəsi qanunsuz aksiyanın iştirakçılarına qoşulub, polisi müxtəlif alətlərlə daş-qalaq etməyə cəhd edirsə, istər-istəməz adekvat zərbənin biri də jurnalistə dəyməlidir».
Zahidov deyir ki, bütün bu hallara baxmayaraq, onlar jurnalistlərlə münasibətləri daim yüksək səviyyədə saxlamağa çalışırlar. Amma onun sözlərinə görə, jurnalistlərdən də bir umacaqları var. O da ictimai asayişi təmin edən Azərbaycan polisinin fəaliyyətinin obyektiv işıqlandırılmasıdır: «Polisin ünvanına xoşagəlməz, palaz-palaz yazılar verirlər. Həmin yazılar yoxlanır və məlum olur ki, qeyd edilən faktların heç biri doğru deyilmiş».
«Jurnalistlər Ekstremal Şəraitdə» İctimai Birliyinin sədri Firuzə Əsədullayevanın fikrincə, jurnalistlərə qarşı təzyiqlər daha çox kütləvi aksiyalarda müşahidə olunur. Buna görə də, o, sıravi polis heyəti arasında maarifləndirmə işlərinin gücləndirilməsinin vacib olduğunu bildirir.
Amma həm hüquq müdafiəçiləri, həm də jurnalist birlikləri bildirirlər ki, polis jurnalisti döymək, yaxud həbs etmək kimi qərarları özbaşına vermir. Polis sadəcə, icraçıdır. Sifariş isə yuxarılardan gəlir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli: «Polisə deyirlər ki, hadisəni tam işıqlandırmaq istəyən jurnalistin qarşısını hansı yolla olursa-olsun alın. Jurnalist də polisin xəbərdarlığına məhəl qoymayanda, onu vururlar».
Azərbaycan polisi ilə media nümayəndələri arasında münasibətlərin tənzimlənməsi üçün iki aylıq layihə həyata keçirilməyə başlayıb. ATƏT-in də maliyyə dəstəyi ilə reallaşan bu layihə Bakı, Gəncə və Xaçmazda reallaşacaq. Məqsəd polisi maarifləndirmədir. Gələn il Azərbaycanda prezident seçkisi keçiriləcək. Ötən seçkilərin təcrübəsi seçkiqabağı və seçkidən sonrakı aksiyalarda xeyli sayda jurnalistlərin polis təzyiqinə məruz qaldığını göstərib.