BMT Baş Katibi Ban Ki Munun 3 dekabr-Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə müraciətində belə deyilir.
Baş katib bildirir ki, həyatlarının erkən dövründə, əlillər təhsil almaqda və yararlı əmək bacarıqları əldə etməkdə çətinliklərlə rastlaşırlar. «Sonrakı mərhələdə isə onların bacarıqları barədə yaranmış qorxu və qeyri-obyektiv rəylər digərləri üçün mövcud olan iş imkanlarını onlar üçün qeyri-mümkün edir».
Müraciətdə bildirilir ki, demək olar ki, hər bir cəmiyyətdə əlilliyi olan şəxslər uyğun iş əldə etmək imkanlarından məhrumdurlar. «Hesablamalar göstərir ki, inkişaf etmiş ölkələrdə bütün əlilliyi olan şəxslərin ən azı yarısı, inkişaf etməkdə olan ölkələrdə isə onların böyük bir hissəsi işsizdir. Digər əksəriyyət isə natamam iş saatı ilə təmin olunur və ya heç vaxt tam olaraq əmək bazarına daxil ola bilmirlər. Bu acınacaqlı bir vəziyyətdir».
Ban Ki Mun bəyan edir ki, gələn il qüvvəyə minməsi gözlənilən Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya əlilliyi olan şəxslərin işləmək və digərləri ilə eyni əsasda işlə təmin edilmək hüququnu tanıyır.