Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

«Belə qurumlar yalnız Rusiya kimi ölkələrdə yaradılır»


«Məqsəd odur ki, vətəndaş cəmiyyəti institututları qalmasın»
«Məqsəd odur ki, vətəndaş cəmiyyəti institututları qalmasın»

Prezident yanında QHT Şurasının və Yardım Fondunun yaradılması ilə bağlı təkliflər artıq noyabrın 26-da Prezident Aparatına təqdim olunub. Təklifləri Milli QHT Forumu hazırlayıb. Ancaq bu yöndə müzakirələr davam etməkdədir. Bəziləri hesab edir ki, hökumət bu addımla qeyri-hökumət təşkilatlarını inhisara alacaq, onları istədiyi kimi idarə edəcək, başqaları isə düşünür ki, dövlət qayğısından məhrum olan bu sektor da neft pullarından bəhrələnə biləcək. QHT sektorunda belə fikirlər də səslənir ki, dövlətin büdcədən bu sektora maliyyə ayırması bəhanə edilərək, QHT haqda qanunda dəyişiklik aparıla, xarici donorlar tərəfindən qrantların alınması ilə bağlı icazə ləğv oluna bilər. Bu isə müstəqil QHT-lərin məhvinə səbəb olar.


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus: «Məqsəd budur ki, müstəqil mətbuat, siyasi partiya, müstəqil təşkilat - vətəndaş cəmiyyəti institututları qalmasın. Bunun üçün də müxtəlif üsullardan istifadə olunur».


Milli QHT Forumunun prezidenti Azay Quliyevsə bu cür yanaşmayla razılaşmır. O, Şuranın fəaliyyətində yanlışların olacağını, xüsusən də ayrı-seçkiliyə yol veriləcəyini istisna etmir. Ancaq ümumən qurumun yaradılmasını müsbət qiymətləndirir: «Dövlətin QHT-ləri nəzarətə götürmək niyyəti olsaydı, bunu başqa qurumlar vasitəsilə edərdi, vergi orqanları, ədliyyə qurumları, məhkəmələr vasitəsilə və sairə. Mən hesab edirəm ki, belə niyyət yoxdur. Belə çıxır ki, indiyə kimi xarici donorlar sayəsində mövcud olan qurumlar onlardan da asılıydı? Bu cür yanaşma düzgün deyil».


Bu fikirlərə qayıdacağıq. Ancaq indi QHT-lərlə dövlətin əlaqəsini tənzimləyəcək Şuranın formalaşması ilə bağlı təkliflər haqda. Birinci təklifə görə, Şura üzvlərinin 20 nəfəri qurultayda seçilə və dövlət başçısı onlardan 15-ni quruma təyin edə bilər. Digər varianta görə, Prezident Aparatının yanında seçim komissiyası yaradılır və Şuraya üzv olmaq istəyən qeyri-hökumət təşkilatları namizədliklərini verirlər. Onların arasından seçilən 15 nəfərin adı dövlət başçısına təqdim olunur.


Müsabiqələrin keçirilməsinə, müxtəlif vəsaitlərin ayrılmasına nəzarət edəcək fondla bağlı da iki təklif göndərilib. Bir təklifə görə, fond müstəqil, digər təklifə görəsə, QHT Şurasının nəzdində olmalıdır. Yeri gəlmişkən, hökumət bu qurumun Şuranın tərkibində olmasının tərəfdarıdır. Onların qənaətincə, əlavə qurum yaradılmazsa, məsrəflər də az olar.


QHT təmsilçisi, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bu təkliflərin anti-demokratik olduğunu düşünür. Əlavə edir ki, həmin təklifləri hakimiyyətə yaxınlığı ilə seçilən bir qrupun - Milli QHT Forumunun hazırlaması Şuranın gələcəyini şübhə altına salır. Onun qənaətincə, bu, sektorun inkişafı üçün atılan addım deyil, məqsəd sürətlə gələn neft pullarını mənimsəmək üçün yeni vasitədir: «İnanmıram ki, büdcədən ayrılan maliyyə şəffaf xərclənsin».


Leyla Yunusun qənaətincə isə hökumət qrant şəklində büdcədən ayrılacaq maliyyə hesabına bu sektorun təmsilçilərini tələyə salmağa, sərbəst fəaliyyət göstərən üç-beş təşkilatı da neytrallaşdırmağa çalışacaq. Eyni zamanda, QHT sektorunu nəzarətə götürməklə iqtidaryönlü və müstəqil qurumlar arasında bölünməni daha da dərinləşdirmək niyyətindədir.


Başqa ekspertlər də Leyla Yunusun fikirlərini bölüşür. Onlar bildirirlər ki, inkişaf etmiş ölkələrdə prezident və Baş nazir yanında oxşar Şura yaradılmayıb. Belə qurumlar yalnız Rusiya kimi ölkələrdə yaradılır. Bir də ekspertlər onu vurğulayırlar ki, indiyə kimi prezident yanında yaradılan bu cür qurumlar özlərini doğrultmayıblar, məsələn, Sahibkarlığa İnkişaf Fondu kimi. Bir çoxları isə yeni qurumu seçkilərə nəzarət edən Mərkəzi Seçki Komissiyası ilə müqayisə edirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG