Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

«Azərbaycan özünü çox pis aparır»


Aydan Uayt Əli Həsənovla fikir mübadiləsi aparır, 19 sentyabr 2007
Aydan Uayt Əli Həsənovla fikir mübadiləsi aparır, 19 sentyabr 2007

«Azərbaycan beynəlxalq təşkilatlar qarşısında söz azadlığı sahəsində götürdüyü öhdəliklərə əməl etmir».


Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) Bakıda səfərdə olan baş katibi Aydan Uayt «Azadlıq» radiosuna müsahibəsində belə deyib: «Düzünü desəm Azərbaycan özünü çox pis aparır, hökumət ciddi tənqidlərdən nəticə çıxarmır».


Cənab Uayt deyir ki, Bakının ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi bu təşkilatlara üzvlüyi də sual altına almış olur: «Biz bu sualları verməkdə davam edəcəyik. Niyə siz beynəlxalq normalara, jurnalistlərlə bağlı qəbul olunmuş standartlara hörmət etmirsiniz?»


BJF-nin baş katibi deyir ki, hökumətə təzyiq göstərilməlidir: «Məncə, hökumətə kifayət qədər təzyiq göstərmək lazımdır ki, öz fikrini dəyişsin. Prezident və hökumət bildirməlidir ki, onlar cəmiyyətə qulaq asırlar və azad mətbuatı olan demokratiyanı rədd etmirlər. Bu, mütləq olmalıdır. Biz öz təzyiqlərimizi davam etdirəcəyik».


A.Uaytın sözlərinə görə, hökumətin təzyiqindən başqa, Azərbaycandakı jurnalist təşkilatlarında da parçalanma mövcuddur: «Müxtəlif kiçik maraqlara xidmət edən jurnalistlər bir araya gəlib jurnalist dəyərləri, jurnalist həqiqəti, jurnalist azadlığı və jurnalist dözümlülüyü haqda ümumi prinsiplər yarada bilərlər. Onlar bu prinsiplərdə razılaşsalar, sonradan bir-birini müdafiə edə və Azərbaycanda dəyişikliklər barədə səslərini ucalda bilərlər. Belədə jurnalistlər çox irəli getmiş olarlar. Mənim buna heç bir şübhəm yoxdur. Hazırda dövlətin üstünlüyü medianın və jurnalist icmasının daxilindəki parçalanmadır».


Cənab Uayt bildirir ki, jurnalistlər və hökumət arasında gərginlik həmişə və bütün ölkələrdə mövcuddur: «Doğrusunu deyim ki, mətbuat azadlığı məsələsində mən dünyada heç bir hakimiyyətə inanmıram. Hökumət və bütün siyasi institututların yaxşı ictimai imic göstərməkdə çox spesifik maraqları olur. Dünyanın heç bir ölkəsində hökumət gedib mediaya demir ki, buyur, məni tənqid elə. Gəlin, bunu qəbul edək. Mətbuatın dedikləri ilə hökumətin etdikləri arasında həmişə gərginlik olur. Amma burda hörmət də olmalıdır. Jurnalistlər hökumətə, hökumət də jurnalistlərə hörmət etməlidir. Hökumət başa düşməlidir ki, demokratik institutların yaranması üçün jurnalistin də söz demə haqqı var. Biz hökumət və jurnalistlər arasında bu gərginliyi yüksək həddə çatdırmamalıyıq».


O, qatıldığı tədbirin media azadlığı sahəsində müəyyən irəliləyiş əldə olunasağına yardım edəcəyinə inanır: «Mən fikirləşdim ki, bu konfrans Azərbaycanda media sahəsində olan böyük problemlər haqqında səmimi müzakirələr aparmağa imkan verəcək. Avropa Şurası və ATƏT Azərbaycan hökumətini mediaya münasibətinə görə ciddi tənqid edib. Bu təşkilatlar və biz jurnalistlərin son həbslərindən narahatıq. Onlar öz peşələrini yerinə yetirirdilər. Bu, tamamilə yolverilməzdir».


Rəsmilərlə görüşəcəyini deyən Aydan Uayt bildirir ki, hökumət onları tənqid edənlərin onların düşməni, ya da Azərbaycana zərbə vurmaq istəyənlər olduğunu fikirləşməyəcək. O, ümid edir, bunun tam əksi olacaq: «Mən jurnalistlərin mənafeyini qorumaqda maraqlıyam və əmin olmaq istəyirəm ki, jurnalistlər yüksək etik standartlar çərçivəsində işləyirlər. Bu, Azərbaycandakı institututların da marağında olmalıdır».


A.Uaytın fikirlərinə münasibət bildirən Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov isə Azərbaycan hökumətinin sözə, jurnalistika fəaliyyətinə görə kimlərisə həbs etməkdə maraqlı olmadığını bildirib.


«Azərbaycanda Söz və Mətbuat Azadlığı yerli və beynəlxalq qanunvericilik kontekstində: fərqli və ümumi cəhətlər» mövzusunda beynəlxalq konfrans başlayıb. Avropa ölkələri və ABŞ-ın tanınmış jurnalistləri, media mütəxəssislərinin iştirak etdiyi tədbirə Azərbaycan rəsmiləri də qatılıb.


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla doqquz jurnalist həbsdədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG