Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 11:45

«Hakimiyyət istəyir ki, seçki komissiyaları heç kəsdən asılı olmasın»


«Əfsuslar olsun ki, 1998-ci ildən başlayaraq biz seçki institutlarını getdikcə siyasiləşdiririk»
«Əfsuslar olsun ki, 1998-ci ildən başlayaraq biz seçki institutlarını getdikcə siyasiləşdiririk»

«Əfsuslar olsun ki, 1998-ci ildən başlayaraq biz seçki institutlarını getdikcə siyasiləşdiririk və bununla onları peşəkarlıqdan, hüquqi məsuliyyətindən təcrid edirik. Bu da seçki institutlarına etimadsızlığa aparar. Təəssüflər olsun ki, burada beynəlxalq təşkilatların da günahı var».


Bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov noyabrın 8-də Avropa Şurası və İFES tərəfindən təşkil edilmiş seçki komissiyalarının tərkibinə dair dəyirmi masada bildirib.


Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Avropada mövcud olan qabaqcıl seçki institutları modelini Azərbaycana təklif etmək əvəzinə hadisələrin axırına düşərək seçki institutlarının siyaasiləşdirilməsinə dəstək veriblər. Bu isə ölkəni «2000-ci ili bataqlığına» salıb. Şöbə müdiri iddia edir ki, həmin vaxt bəzi siyasi partiyalar seçki qrafikini və konstitusiyanı pozmağa cəhd ediblər.


«Günün birində müxalifət partiyaları bəyan etdilər ki, öz nümayəndələrini komissiyaya buraxmırlar və beləliklə onların iradəsindən asılı olaraq mühüm dövlət aksiyası təxirə düşməli idi. O zaman bir daha Avropa Şurasına müraciət olundu və sonda parlament süni şəkildə yaradılmış pariteti aradan qaldırdı».


Həsənov deyir ki, bu gün də partiyalardan gələn təkliflər Azərbaycanı yenə siyasi qüvvələrin iradəsindən asılı olan seçki komissiyalarının formalaşması praktikasına aparır:


«Amma biz bunun da əleyhinə deyilik. Bir şərtlə ki, partiyaların böyük-kiçikliyinə fərq qoyulmasın. Kimin aparıcı, kimin qeyri aparıcı olduğunu süni şəkildə müəyyənləşdirməyə cəhd edilməsin».


Həsənovun sözlərinə görə, hakimiyyət istəyir ki, seçki institutları heç kəsdən asılı olmasın və vətəndaşların iradəsini reallaşdırsın.


«O təkliflər ki, seçki praktikasının yaxşılaşmasına, seçkilərin daha demokratik və ədalətli keçirilməsinə xidmət edir, biz onu birmənalı şəkildə qəbul etməyə hazırıq. Lakin o təkliflər ki seçki komissiyalarını ayrı-ayrı maraqlı tərəflərin, siyasi qüvvələrin iradəsindən asılı vəziyyətə salır biz bununla razılaşa bilmərik».


Avropa Şurası və İFES tərəfindən təşkil edilmiş tədbirə müxalifət partiyaları qatılmayıb.


Ölkənin aparıcı müxalifət partiyaları seçki komissiyalarının hakimiyyətin nəzarəti altında olduğunu bildirirlər. Onlar komissiyaların paritet əsasda formalaşdırılmasını təklif edir.


XS
SM
MD
LG