«Biz Avropa Şurasının üzvü olduğumuz üçün beynəlxaq qanunlara və konvensiyalara riayət etməliyik. Amma bu o demək deyil ki, məcburi köçkünün hüququ pozulmalıdır».
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mənzilində məcburi köçkün məskunlaşmış Valentina Akimovanın şikayətinin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təmin edilməsinə münasibət bildirərkən belə deyib.
Əli Həsənov: «Avropa Məhkəməsi Aropa Məhkəməsidir. Azərbaycan da suveren dövlətdir, öz qanunverici aktları var. Amma əgər o qərar icra olunarsa, həmin mənzildə yaşayan məcburi köçkün nəynənsə təmin olunacaq».
Sabiq prezident Heydər Əliyevin fərmanına əsasən 1992-1998-ci illərdə məskunlaşmış məcburi köçkünlər tutduqları yaşayış sahəsindən yalnız işğal olunmuş torpaqlar azad olunduqdan sonra çıxarıla bilərlər.
Yerli hüquqşünasların qənaətincə, Avropa İnsan Haqları Məhkəməsinin oktyabrın 17-də Valentina Akimova ilə bağlı verdiyi qərardan sonra həmin fərman ləğv olunmalıdır. Hökumət Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəlik götürüb deyə qanunvericiliyə dəyişiklik etməlidir. Əli Həsənov isə deyir ki, bu haqda məlumatsızdır.