«Azərbaycanla Ermənistanın mövqeləri çox yaxındır». ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza oktyabrın 24-də belə deyib: «Biz elə yaxınıq ki, çox az texniki məsələlər qalıb».
Brayza onu da bildirib ki, yaxın günlərdə prezidentlərin görüşü yəqin ki, olmayacaq və buna ehtiyac da yoxdur. O, razılaşmanın hələ də mümkün olduğunu bildirib.
Həmsədrlər - Mətyu Brayza, Yuri Merzlyakov və Bernar Fasye oktyabrın 24-də Yerevanda olub. Onlar Ermənistan prezidenti Robert Koçaryanla görüşüblər. Ermənistanın Prezident Aparatından verilən məlumata görə, görüşdə Qarabağla bağlı razılığa gəlinməmiş detallar müzakirə olunub. Oktyabrın 26-da həmsədrlər Bakıda olacaqlar, prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcəklər.