Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 11:25

«Yeni rəis gələndən məhbuslara təzyiqlər artıb»


Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu məlumatları təkzib edir
Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu məlumatları təkzib edir

Son bir neçə gündə «Azadlıq» radiosunun «Qaynar xətt»inə Qobustan qapalı həbsxanasıyla bağlı bir neçə zəng olunub. Həbsxanada cəza çəkən bəzi məhbusların qohumları iddia edirlər ki, həbsxanaya yeni rəis təyin olunandan yaxınlarına təzyiqlər artıb. Qobustan həbsxanasına ötən həftəsonu yeni rəis təyin olunub. Kazım Abdullayev bundan əvvəl Ədliyyə Nazirliyi müalicə müəssisəsinin rəis müavini işləyib.


Məhbuslardan birinin qohumu Ceyhun Məmmədov: «Xalam oğlu deyir ki, təzə rəis başlarına oyun açır».


Başqa bir məhbusun qohumu Həmid Təhməzov isə deyir ki, məhbuslara dava-dərman, ərzaq çatdırılmasına maneələr törədilir: «Görüşə dərman gətirəndə onlara çatdırmırlar, çünki içəridə daha baha qiymətə satılır. Gərək beşqat pul verəsən ki, buraxsınlar».


Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu məlumatları təkzib edir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları «Azadlıq» radiosuna dedilər ki, nə əvvəllər, nə də yeni rəis təyin olunandan həbsxanada məhbusların incidilməsinə, onlara bağlamaların çatdırılmasında pozuntulara yol verilmir.


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə deyir ki, təxminən bir həftə əvvəl Qobustan həbsxanasında monitorinq keçirib. Son bir neçə gündə baş verənlərlə bağlı ona məlumat daxil olmayıb. Elçin Behbudov deyir ki, yeni təyin olunan rəis qanundan kənara çıxmamaq şərtilə qayda-qanun yaradırsa, bu, təbiidir. Konkret olaraq, bağlamalarla bağlı problemlərə gəlincə, o deyir: «Rüşvət alma halları var, ancaq Penitensiar Xidmətin rəisi deyir ki, onlara müraciət edilsə, konkret tədbirlər görərlər».


Azərbaycanda Ömürlük Cəzaçəkən Məhbus Yaxınlarının Komitəsinin sədri Müslümət Rzaxanova deyir ki, onlar da oxşar şikayətlər alıblar, ancaq dəqiqləşdirməyə ehtiyac var: «Bundan əvvəlki rəislər məhbuslarla davranışa görə işdən azad olunublar, yeni rəis də yəqin bunları nəzərə alar».


Qobustan həbsxanasının əvvəlki rəisi Əlizadə Hüseynov işdəki nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Bunu «APA» İnformasiya Agentliyi Ədliyyə Nazirliyindəki mənbələrə istinadla xəbər verir.


XS
SM
MD
LG