Milli Təhlükəsizlik Nazirliyi (MTN) oktyabrın 10-da Sumqayıt və ona bitişik ərazilərdə əməliyyat-axtarış tədbirləri keçirib, sentyabrın sonlarında Qusarda polis əməkdaşlarına silahlı müqavimət göstərən Telman Abdullayevin dəstəsinin daha bir neçə üzvünü yaxalayıb.
Bunu «Azadlıq» radiosuna MTN-in Mətbuat Xidmətinin başçısı Arif Babayev verib. Onun sözlərinə görə, əməliyyat tədbirləri zamanı cinayətkar qruplaşmadan xeyli sayda silah-sursat aşkarlanıb.
Babayevin sözlərinə görə, əməliyyat məlumatları nəticəsində qrupun bir neçə üzvünün azadlıqda olduğu da bəlli olub. Onların istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri davam edir.
Sentyabrın 26-da MTN və DİN-in Qusar rayon şöbələrinin rayon sakini Telman Abdullayevin saxlanması məqsədilə keçirdiyi əməliyyat zamanı həmin şəxs iki polis əməkdaşına atəş açıb. Onlardan biri sonradan vəfat edib. T.Abdullayev isə hələ tutulmayıb.
Oktyabrın 11-də Sumqayıt şəhərində giriş və çıxışa nəzarət gücləndirilib. Rəsmi mənbələr heç bir məlumat verməsə də, bəzi informasiyalara görə, həmin gün şəhərdə ərəb əsilli bir neçə şəxsin axtarışı aparılıb.