Amerika İran siyasətini dəyişməsə, rəsmi Tehran Vaşinqtonla danışıqlara getməyəcək. İranın prezidenti Mahmud Əhmədinejat belə deyib. Prezidentin dediklərini İranın rəsmi dövlət internet saytı yayıb. Əhmədinejat onu da bildirib ki, o, Amerikada İranla danışıqlar aparmağı xahiş etməyib.
Keçən həftə ABŞ prezidenti Corc Buş Vaşinqtonun İranla danışıqlar aparmaq niyyətini açıqlayıb. Amma bundan ötrü İran nüvə proqramını dayandırmalıdır.
Amerikanın İraqdakı qoşunlarının komandanı Devid Petraus isə İranı yenidən günahlandırıb. O, deyib ki, İran İraq yaraqlılarına silah ötürür.
İran ittihamla razılaşmır.