«Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə görüşməsi ehtimalı hələlik yoxdur». Bunu Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna müsahibəsində bildirib.
İlham Əliyev və Robert Koçaryan oktyabrın 5-6-da Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcəklər.
Novruz Məmmədov deyir ki, sammitöncəsi aparılan danışıqlar və müəyyən kontaktlar prezidentlər arasında növbəti görüşün keçiirilməsinə hələlik münbit şərait yaratmayıb.
Məmmədov MDB-nin özünün də münaqişələrin həllindəki acizliyindən gileylənib. Deyib ki, birlik yarananda onun rəhbərləri prioritetlərin müəyyənləşməsində ayrı-seçkilik ediblər, belə ki, üzv ölkələr arasındakı münaqişələr arxa plana keçib. İndinin özündə də MDB qarşısında duran məsələlərə birtərəfli yanaşır, halbuki, «həyati məsələ münaqişələrdir».
Novruz Məmmədov: «Münaqişələri birinci həll etmək lazımdır. Nə üçün bunu kənara qoyub başqa mövzuları ortaya çıxarırlar? Bu olmayanda o biri məsələlərlə bağlı problemlər əmələ gəlir. Əslində, belə mövqe Qərb dövlətlərində də var. Hərə yalnız öz maraqları üçün çalışarsa, haqq-ədalət kənarda qalarsa, onda heç kim üçün bu sərfəli olmaz».
Amma Məmmədov onu da bildirib ki, Azərbaycanı MDB ölkələri ilə tarixi, mədəni əlaqələr və ikitərəfli əməkdaşlıq birləşdirir.
Qarşıdakı sammitdə MDB-nin struktur məsələləri, birgə tədbirlər planı, miqrasiya siyasəti və digər məsələlər müzakirə olunacaq. Gündəlikdə habelə cinayətkarlığa qarşı mübarizə, maliyyə şəffaflığı, narkotik maddələrin qeyri-leqal dövriyyəsi və terrorizmə qarşı mübarizə durur. Məmmədov deyir ki, hansı məsələ Azərbaycanın milli maraqlarına cavab versə, Bakı ona razılığını verəcək.