Güləş üzrə dünya çempionatında iştirak edəcək Ermənistan komandası sentyabrın 15-i axşam saatlarında Bakıya gəlib. Bu haqda «Day.az» saytı yazır.
Ermənistan nümayəndə heyəti 31 nəfərdən – 15 güləşçi, həkimlər, məşqçilər və jurnalistlərdən ibarətdir.
Lisenziya xarakterli dünya çempionatı sentyabrın 17-dən 23-dək keçiriləcək. Yarışda 103 ölkə iştirak edir.
Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni idmançılarının gəlişinə qarşı Bakı aeroportunda etiraz aksiyası keçirməyi planlaşdırırdı. Amma aksiya baş tutmayıb.
Polis QAT sədrini və 15 üzvünü saxlayaraq, Binəqədi rayon Polis İdarəsinə aparıb.
Onları yalnız axşam saat 7 radələrində buraxıblar.
QAT sədri Akif Nağı deyir ki, polis onları saxlayarkən, heç bir izahat verməyib:
«Amma dolayısı yolla bildirdilər ki, biz erməni idmançılarına qarşı aksiyalara hazırlaşırmışıq, ona görə qarşımızı alıblar... Fikrimiz var idi ki, əgər reysin vaxtını dəqiqləşdirsək, aeroportda aksiyalara başlayaq».
«İDMANDA DÜŞMƏNÇİLİK YOXDUR»
Bunu Bakıda səfərdə olan Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti söyləyib:
«Azərbaycan və Ermənistan pəhləvanları dünya çempionatında bir-birlərinə düşmən yox, rəqib ola bilərlər. FILA-nın reqlamentinə əsasən, bütün dövlətlərin dünya birinciliyində sərbəst iştirakına şərait yaradılmalıdır».
Gənclər və İdman naziri Azad Rəhimov isə deyib ki, erməni idmançılarının Azərbaycana gəlmələri ilə bağlı bütün təhlükəsizlik məsələləri həll olunub:
«Hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün QAT rəhbəri Akif Nağı ilə bu barədə söhbət etmişik. İnanırıq ki, polis və təhlükəsizlik xidmətləri yarışın təhlükəsizliyini tam təmin edəcəklər və yarışda elə bir ciddi insident yaşanmayacaq» - deyə Azad Rəhimov fikrini tamamlayıb.