Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Brüsseldə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşü artıq baş tutub. Nazir fransalı və rusiyalı həmsədrlər – Bernar Fasiye və Yuri Merzlyakovla görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, tərəflər Praqa prosesinin hazırki durumu və münaqişənin tənzimlənmə prinsiplərini müzakirə ediblər.
Görüşdə həmsədrlərin sentyabrın ortalarında regiona səfərinin tarixi də müzakirə olunub. Ancaq səfərin dəqiq tarixi açıqlanmır.
Elmar Məmmədyarov Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benito Ferrero Valdnerlə də görüşüb. Görüşdə Avropa Birliyi-Azərbaycan münasibətləri müzakirə olunub.
Sentyabrın 2-i axşam E.Məmmədyarov Polşa və Litva XİN-lərinin dəvətilə bir ziyafətdə də iştirak edib. Bu ziyafətə Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan da qatılıb. Ancaq Azərbaycan və Ermənistan nazirlərinin görüşü olmayıb.