Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:12

Sezər «Gül» ilə yola salınır!


Prezident seçiləndə Sezər ilk addımlarıyla hamını heyran etmişdi
Prezident seçiləndə Sezər ilk addımlarıyla hamını heyran etmişdi

«Sizi Türkiyənin Cumhurbaşqanı seçmək istəyirik. Bu təklifimizə necə baxırsınız?»


Mərhum baş nazir Bülənt Ecevit siyasi qüvvələr arasında konsensus əldə etmək məqsədilə 2000-ci ildə bu sualı Türkiyə Konstitusiya Məhkəməsinin sədri Əhməd Necdət Sezər ünvanlamılşdı. Təklifi telefonla xidməti maşınında alan Sezər düşünmədən «hə» cavabı vermişdi.


Beləliklə, Süleyman Dəmirəl erasına son verilərək, Türkiyədə hakimiyyətin ən ali pilləsinə tanınmayan bir fiqur gətirilirdi.


Sezər ilk addımlarıyla hamını heyran etdi. O, israfçılığa yol verməmək üçün iqamətgahı - Çankaya Köşkündəki personalın sayını xeyli azaltdı, artıq mühafizəçilərdən imtina etdi, xidməti maşını işıqforun qırmızı işığında dayanmağa başladı. O, prezident üçün nəzərdə tutulan maliyyənin heç yarısını belə xərcləmədi, yerdə qalanını dövlətə qaytardı. Sezər və xanımı boş vaxtlarında sadə vətəndaşlar kimi dükanda alış-veriş edir, teatrda tamaşa izləyirdilər.


Onun təvazökarlığı göz oxşayırdı.


Ancaq bu təvazökarlığın yanında sərtlik və inadkarlıq da yer almışdı. Sezər Təhlükəsizlik Şurasının 2001-ci ildəki toplantısında baş nazir Ecevitlə çəpləşərək, Konstitusiya kitabçasını onun üzərinə atmışdı.


Daha sonra hakimiyyətə Ədalət və İnkişaf Partiyası gəldi. Türkiyədə prezident-hökümət qarşıdurmasının ən ağır günləri başladı.


Sezər birinci gündən baş nazir Rəcəb Təyyub Ərdoğanla düz gəlmədi. Hüquq diliylə danışan və dünyəvi dövlətin qatı tərəfdarı olan Sezər İslam yönlü partiyanın başqanını və nazirlərini həzm edə bilmədi. Sezər hər fürsətdə onlara çətinliklər yaradırdı. Sezər Ədalət və İnkişaf Partiyasının Məclisdə keçirdiyi qanunların bir qismini geri qaytarır, dövlət idarələrində rəhbər vəzifələrə irəli sürülən namizədləri veto edirdi.


Ancaq Sezərin bu inadkarlığı getdikcə onun reytinqinə mənfi təsir etməyə başladı. Vətəndaşlar arasında keçirilən sorğularda Sezər insani keyfiyyətlərinə görə əvvəlkitək yüksək qiymətləndirilsə də, aldığı qərarlara görə ciddi tənqid olunurdu. Məsələ bunda idi ki, Sezərin hüquqçu inadkarlığı Türkiyənin siyasi və iqtisadi sabitliyinə təsirsiz ötüşmür, hətta bir sıra hallarda Türkiyənin pul vahidi lirənin ucuzlaşmasına yol açırdı ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu.


Media da ondan narazı idi. Sezər daim üzdə olmağa çalışan əvvəlki prezident Dəmirəlin tam tərsiydi. Süleyman Dəmirəl daim müsahibələr verər, televiziya ekranlarında görükməkdən yorulmazdı. Sezər isə əksinə, müsahibələrdən qaçar, jurnalistlərdən yan keçərdi. Buna görə də, ictimaiyyət Sezərin ölkənin daxili və xarici siyasətindəki konkret addımları haqqında nə düşündüyündən xəbərsiz idi.


Sezər bəzən ziddiyyətli, bəzən isə dürüst addımlarıyla mübahisə mövzusu olurdu.


Sezər əfv fərmanlarıyla bir qisim PKK terrorçusunu həbsdən azad etdikdə və ya Robert Köçəryanı Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik etdikdə çoxları Türkiyə prezidentinin bununla nə demək istədiyini anlamamışdı. Çünki, nə əfv fərmanları işə yaradı, həbsdən çıxanların bir qismi yenidən dağlara çəkildilər, nə də Köçəryan Sezərin təbrikini adekvat dəyərləndirə bildi. Türkiyənin intellektual təbəqəsi Sezərin yazıçı Orhan Pamuku Nobel mükafatı alması münasibətiylə təbrik etmədiyinə görə də qınadı.


Bunların qarşılığında Sezər İraq Prezidenti Cəlal Tələbaninin Kərkükdə kürdlərin referendum keçirməsinə yaşıl işıq yandırdığına görə, onu rəsmən Ankaraya dəvət etmədi. Sezər vaxtilə ABŞ qoşunlarının da Türkiyə ərazisindən İraqa müdaxiləsi əleyhinə olmuşdu.


Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev Türkiyə Cumhurbaşqanının ilk xarici səfərini Azərbaycana gerçəkləşdirməsini çox istəyirdi. Sezər də Əliyevin sözünü yerə salmamışdı.


Heydər Əliyev Türkiyə prezidentinin şərəfinə «Gülüstan» sarayında düzənlədiyi qəbulda Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasına üzvlüyə qəbul olunduğuna görə Türkiyə Cümhuriyyətinə minnətdarlığını dilə gətirmişdi. «Məhz Türkiyənin Azərbaycana yardımı ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasına çox kömək edib» – demişdi Əliyev.


Ancaq Sezər Azərbaycanla münasibətlərdə dürüstlüyün tərəfdarı idi. O, Heydər Əliyevlə Bakıdakı görüşündə, heç kimdən çəkinmədən «türkiyəli iş adamlarının Azərbaycanda ayaqlarının altında yer qaçır» ifadəsini işlətmişdi. Bu ifadə həmin görüşün gərginliyini xeyli artırmışdı.


Əlbəttə bir başqa təcrübəli siyasətçi olsaydı, bu ifadəni ya yumşaq formada dilinə gətirər, ya da qapalı görüşdə səsləndirərdi. Ancaq həqiqətən o illərdə Bakıda heç kim türkiyəli iş adamlarının problemləri ilə maraqlanmırdı. Sezərin isə məsələni ört-basdır etmək fikri yox idi.


Azərbaycan yaxınlarda Türkiyənin yeni Cumhurbaşqanı Abdulla Gülü Bakıda qəbul etməli olacaq. Rəsmi Bakı ehtiyatlanmaya bilər, Azərbaycan paytaxtına inadkar və sərt dildə danışan hüquqşünasın yerinə, uzlaşmaçı iqtisadçı gələcək.


XS
SM
MD
LG