Avqustun 23-də Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin 11-ci prezidentini seçmək üçün səsvermənin ikinci turu keçirilib. İkinci turda da heç bir namizəd lazım olan 367 səsi toplaya bilməyib.
Hakim Ədalət və İnkişaf Partiyasının namizədi, Xarici İşlər naziri Abdulla Gül 337, Millətçi Hərəkat Partiyasının təmsilçisi, keçmiş Müdafiə naziri Səbahəddin Çakmakoğlu 71, Demokratik Sol Partiyasının nümayəndəsi Hüseyn Tayfun İçli isə 14 səs toplayıb.
Birinci turda Gül 341, Çakmakoğlu 70, İçli isə 13 səs toplamışdı.
Beləliklə, avqustun 28-də seçkinin üçüncü turu keçiriləcək. Bu dəfə qələbə üçün sadə səs çoxluğu – 276 səs kifayət edəcək.
Müxalif Xalq Cümhuriyyət Partiyası əvvəlki kimi, Gülün namizədliyinə etiraz olaraq seçkiləri boykot edir. Zalda bu partiyanın yerləri boş qalıb.