Azərbaycan teleməkanında şiddət və dəhşət filmlərinin sayı artıb. Bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Qulu Məhərrəmli deyir. Onun sözlərinə görə, yay aylarında əməkdaşların məzuniyyətə getməsilə bağlı efirdə yaranan boşluğu telekanallar adətən ucuzluğu ilə seçilən şiddət və dəhşət filmlərilə doldurur.
Psixoloqların fikrincə, belə filmlər insan psixikasına çox ciddi təsir göstərdiyi üçün onları yalnız gecə saatlarında özü də xüsusi xəbərdarlıq edildikdən sonra yaymaq olar. Çünki, bəzən insanın anidən baxdığı dəhşət səhnələri uzun müddət onun gözünün önündən getmir. Psixoterapevt Fəxriyyə Məmmədovanın sözlərinə görə, zorakılıq filmləri daxili aqressiyanı üzə çıxarmaqla yanaşı, insanda nevroloji problemlər yaradır.
Dördüncü sinif şagirdi Orxan Səfərlinin dəhşət filmlərə baxandan sonra keçirdiyi hisslər Fəxriyyə Məmmədovanın dediklərini təsdiqləyir. «Gecə yuxuda öz-özümə dava edirəm. Qışqırıram, qorxuram…»
Difektoloq Zemfira Zeynalova isə bildirir ki, ona müraciət edən xəstələrin 80 faizində kəkələmə məhz dəhşətli filmlərin təsirindən sonra yaranıb. Dəhşət filmləri insanda fizioloji problemlərlə yanaşı həm də psixoloji problemlər də yaradır. Zaman keçdikcə bu, cəmiyyət üçün daha ciddi problemlərin yaranmasına səbəb olur.
Bəs çıxış yolu nədir? Ekspertlər bildirir ki, telekanallar mütləq efir siyasətinə ciddi diqqət yetirməlidir. Yalnız filmlərdə deyil, bütün teleproqramlarda cəmiyyətə ötürülən informasiyanın mümkün qədər zərərsiz olmasına ciddi nəzarət edilməlidir.