Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:30

«Mən seçkilərdə İlham Əliyevdən çox səs alacağıma əminəm»


Müsavat partiyasının başqanı İsa Qəmbər: «Əsas rəqib hakimiyyətdir»
Müsavat partiyasının başqanı İsa Qəmbər: «Əsas rəqib hakimiyyətdir»

Müsavat partiyasının başqanı İsa Qəmbər «Yeni Müsavat»a müsahibəsində belə deyib. «Əsas rəqib hakimiyyətdir. Yəni 2003-cü ilin prezident seçkiləri də göstərdi ki, Əliyev rejimi var və bu rejim kimi qabağa verirsə, demokratik qüvvələrin əsas rəqibi həmin şəxsdir. Sabah bu rejim anlaşıb İlham Əliyevin deyil, tamam fərqli bir fiquru ortalığa çıxarsa, o fiqur kim olur-olsun görəcəksiniz ki, hakimiyyət üçün toparlayıcı fiqura çevriləcək. Bu baxımdan İlham Əliyev fərd və şəxsiyyət olaraq yox, hakimiyyətin nümayəndəsi kimi, təbii ki, əsas rəqibdir və qeyri-adi hadisə baş verməsə, 2008-ci ildə də bizim əsas rəqibimiz o olacaq. Mən seçkilərdə İlham Əliyevdən çox səs alacağıma əminəm. Başqa siyasətçilərin xətrinə dəyməsin, hesab edirəm ki, İlham Əliyev seçkilərdə ikinci yeri tuta bilər».


«Azadlıq» qəzetinin 23 avqust tarixli sayında Xaliq Bahadır yazır: «İlham Əliyev «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanun imzalayıb. Bu olduqca gərəkli, ancaq indiki rejimin xarakteri, davranış normaları baxımından yararsız bir qanundur».


Jurnalist daha sonra qeyd edir: «Qanunlar işlək olanda yararlı, işlək olmayanda yarasız olur. Qanunların işləkliyi birbaşa siyasi rejimin xarakterinə bağlıdır. Antidemokratik, korrupsioner rejimlərdə «Dövlət qulluqçularının etik davranış normaları» tipli bütün qanunlar ölü doğulur, tezliklə arxiv materialına çevrilir və biryolluq unudulur. Nəyə görə? Rejimin xarakterinə görə».


«Yeni Müsavat» ın köşə yazarı Zamin Hacı isə məmurların etik davranışı barədə qanunu «Dövlət çevrilişi qanunu» adlandırıb.


«Mən bu qanunu oxuyanda belə başa düşdüm ki, İlham Əliyev dövlət qulluqçularının acından ölməyini istəyir. Bu «qətl fərman»ın özgə adı yoxdur. Bax, indən belə nəqliyyat naziri Ziya Məmmədov bütün qohum-əqrəbasına təzə «Hammer»ləri nəynən alacaq? Polis rəisləri şadlıq saraylarını necə tikdirəcək? Baş prokuror yumurta alverini nə cür edəcək ki, etik davranış qaydasına zidd olmasın? Olmaz e, belə şey, olmaz! Camaatı dövlət qulluğuna işə götürürsən, yağlı vədlərlə aldadırsan və avqustun cırhacırında, ayın 20-də qəflətən çörəyini kəsirsən! İndi bu öyrəşmiş yazıqlar neyləsin?»


Milli Məclisin deputatı Vahid Əhmədov «525»ə bildirib ki, 2003-cü ilin prezident seçkisi ilə 2008-ci ilin prezident seçkisi arasında qüvvələr nisbəti baxımından fərq «yerlə-göy» qədərdir. «Yəni ötən dövr ərzində müxalifət həddindən artıq zəifləyib. Faktiki olaraq, bu düşərgə hökumətə təsir imkanlarını itirmək üzrədir. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın siyasi səhnəsinə yeni, gənc qüvvələr, müxalifət qüvvələri gəlməlidir». Deputat hesab ebir ki, «müxalifət iqtidarı, hökuməti məcbur etməlidir ki, Azərbaycan xalqının xeyrinə olan tələbləri yerinə yetirsin».


«Nizami Bəhmənov Dağlıq Qarabağa Piter Semnebi ilə gedəcəkmiş»- bu barədə «Üç nöqtə» qəzeti xəbər verir.


«Üç nöqtə» yazır: «Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağın azərbaycanlı icması üzvlərinin bölgəyə səfərlərinin hazırlanmasını istəyir. Bu barədə jurnalistlərə açıqlama verən nazir bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə bölgəyə getməli idi: «İndi Piter Semnebi problem yarandığını deyir. Məncə, icma üzvləri Dağlıq Qarabağa gedərsə, bu, sülh prosesinə böyük bir kömək olar.


Nazir ATƏT-in Minsk qrupu həmsədrlərinin də icmalar arasında görüşlər keçirməsini və Azərbaycan icmasının Dağlıq Qarabağa səfərlər etməsini dəstəklədiyini bildirib».


«Azadlıq» bloku ölkədə siyasi situasiyanın dəyişməsi üçün fəal mübarizəyə başlayacaq»- bu məqalə «Ekspress» qəzetinin 23 avqust tarixli sayında dərc olunub.


Blokun həmsədrlərindən olan Əli Əliyevin sözlərinə görə, blok rəhbərliyi sentyabrdan həm də zona müşavirələrinə başlayacaq. Azərbaycanın bölgələrində blokun yerli funksionerləri ilə görüşlər keçirəcəklər. Bakıda isə demokratiya və insan haqları, mətbuat azadlığı, demokratik seçki mühitinin yaradılması kimi mövzulara həsr olunan dəyirmi masalar, konfranslar təşkil olunacaq.
XS
SM
MD
LG