Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:47

Dünya amerikalılar üçün indi daha təhlükəli olub


Dünyanı amerikalılar üçün təhlükəli edən ən böyük səbəb İraqdır
Dünyanı amerikalılar üçün təhlükəli edən ən böyük səbəb İraqdır

Dünya amerikalılar üçün indi daha təhlükəli olub. Birləşmiş Ştatlar terrorla müharibəni udmur. 11 sentyabr hadisəsi təkrarlana bilər!


Bunlar amerikalı ekspertlərin fikirləridir. «Xarici siyasət» jurnalıAmerika İnkişaf Mərkəzi ekspertlər arasında sorğu keçirib, Birləşmiş Ştatların xarici siyasətini idarə edən, vaxtıyla hökumətdə təmsil olunan 100-dən çox mütəxəssislə, həm demokrat, həm də respublikaçılarla danışıb. Dünyanın amerikalılar üçün təhlükəli olduğunu ekspertlərin 90 faizi deyir. 80 faizdən çoxu Birləşmiş Ştatların terrorla müharibəni udduğuna inanmır. Səbəb? Sorğunu keçirənlərdən Amerika İnkişaf Mərkəzinin analitiki Karolina Uadhams hesab edir ki, İraqla bağlı dərin bədbinlik var:


«İcmalda ən çox danışılan İraqda müharibədir. Biz soruşanda ki, dünyanı amerikalılar üçün təhlükəli edən ən böyük səbəb nədir, ən çox eşitdiyimiz cavab İraqda müharibədir, əsas faktor İraqdır. Bir də ki, icmalda görünməyə bilər, amma ekspertlərdə belə bir fikir var ki, daha yaxşı işləməliyik ki, ürəkləri, beyinləri fəth edə bilək, çünki islam dünyasında dəstəyimizi itiririk, müsəlman dünyasında Amerikaya qarşı qəzəb artır, bu da məncə, səbəblərdən biridir».


Mütəxəssislərin 90 faizdən çoxu hesab edir ki, İraqda müharibə Amerikanın təhlükəsizliyinə mənfi təsir edib. Rəsmilər deyirlər ki, İraq Yaxın Şərqdə demokratiyanın mayakı olacaq. Buna eskpertlərin cəmi 3 faizi inanır. Prezident Corc Buş deyir ki, İraqdakı qoşun çıxarılsa, cəbhə Amerikanın şəhərləri olacaq. Ekspertlər bununla demək olar ki, razı deyillər, 70 faizə qədəri qoşunun İraqdan çıxarılmasının tərəfdarıdır.


Növbəti cəbhə hara ola bilər? Mütəxəssislər Türkiyənin də adını çəkirlər, hesab edirlər ki, İraqdakı zorakılıq, Türkiyəyə keçə bilər. Amerika İnkişaf Mərkəzindən Karolina Uadhams: «Məncə, burda təəccüblü nə isə yoxdur. Çünki qorxu var ki, kürdlər müstəqil dövlət qurmaq istəsələr, Türkiyə müdaxilə edəcək. Türkiyə İraqla sərhədə qoşun yığıb. Türkiyəyə qaçqın axını məsələsi var…»


Amma ekspertlərin çoxu İraqın qonşularından Türkiyədən çox, İordaniyanın zorakılıqla üzləşə biləcəyini deyirlər.


Bəs növbəti terror tufanı harda baş verə bilər? Pakistanda! Ekspertlərin əksərinin cavabı belə olub. Deyirlər, Pakistan kəşfiyyatı hələ də radikal islamçılarla əməkdaşlıq edir, «əl-Qaidə» lideri Usama bin-Ladenin məkanı məhz Pakistan dağlarıdır. Bundan başqa, ekspertlər hesab edirlər ki, nüvə texnologiyasını terrorçulara ötürəcək ölkə Pakistan ola bilər. Bu fikirlə mütəxəssislərin çoxu razıdır, amma «Pakistanla nə etməli?» sualına cavabda razılığa gələ bilmirlər və ekspertlər də Birləşmiş Ştatların Pakistan siyasətini bəyənmir.


Bəs Birləşmiş Ştatların maraqlarına heç uyğun gəlməyən müttəfiq kimdir? Sorğu göstərib ki, amerikalı ekspertlərin çoxu Rusiyanın, bəziləri Pakistanın, 14 faizi isə İsrailin Amerikanın milli maraqlarına xidmət etməyən müttəfiq olduğunu deyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG