Qazaxıstanda parlamentin aşağı palatası – Məclisə seçkilər başa çatıb.
İlkin nəticələr ən tezi avqustun 19-da səhər bəlli olacaq.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçicilərin iştirakı ümumilikdə ölkə üzrə 58 faizi ötüb, amma Alma-Atada yalnız 16 faiz təşkil edib.
Seçkilərdə yeddi partiya iştirak edib. Sorğulara görə, irəlidə gözlənildiyi kimi, prezident yönümlü «Nur Otan» partiyasıdır.
Qazaxıstanın yeni konstitusiyasına uyğun olaraq ilk dəfədir ki, seçkilər faktiki olaraq yalnız partiya siyahıları üzrə keçirilir. Deputatların sayı da artırılır: yeni parlamentdə 107 deputat olacaq. Onların 98-i partiya siyahıları ilə seçiləcək, daha 9-nun adını isə avqustun 20-də Qazaxıstan Xalqının Assambleyası açıqlayacaq. Bu andan Qazaxıstan prezident respublikasından prezidentli-parlament respublikasına çevriləcək.
98 yer uğrunda 377 namizəd mübarizə aparır.
Əvvəlki Məclis deputatların xahişi ilə iyunun 20-də buraxılıb. Məqsəd prezidentin təklif etdiyi konstitusiya islahatını sürətləndirməkdir.
Beynəlxalq müşahidəçilər Qazaxıstanda bundan əvvəlki seçkilərdən heç birini azad və ədalətli tanımayıblar.