Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun uzun müddət azadlıq hüququnun pozulması ilə bağlı şikayəti də Avropa İnsan Hüquqları Məhkəməsinin icraatına götürülüb.
Bu barədə «Azadlıq» radiosuna Sərdar Cəlaloğlunun özü məlumat verib. O, bu dəfə Azərbaycan hökumətindən 500 min avro kompensasiya tələb edir.
Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən sonra baş verən iğtişaşlara görə həbs edilmişdi. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alsa da 2005-ci ildə əfv olunub.
Cəlaloğlu bundan əvvəl də həbs olunduğu zaman işgəncəyə məruz qalma iddiası ilə Avropa Məhkəməsinə müraciət etmişdi. Məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan hüquqları Məhkəməsi ona 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar vermişdi.
ADP sədri deyir ki, artıq Avropa Məhkəməsinə 3-cü şikayətini də göndərib. Bu dəfə isə o, 2005-ci il parlament seçkiləri zamanı deputat seçildiyi halda bu hüququnun tanınmadığı iddiasını irəli sürüb.