Daxili işlər naziri Ramil Usubov təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarında 6 ayın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Xəbəri ANS yayıb.
Bakı şəhər Baş Polis İdarəsindəki struktur dəyişikliklərinə münasibət bildirən nazir deyib ki, bu xidmətin yaxşılaşdırılması istiqamətində atılan addımdır.
Nazirin sözlərinə görə, Bakı polisində yoxlamaların aparılmasında əsas məqsəd onların fəaliyyətində olan nöqsan və qüsurları aşkara çıxarmaq, yaxşı tendensiyaları, nəticələri müəyyənləşdirmək idi. Ramil Usubov buna nail olunduğunu və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin nöqsanlarının göstərildiyini deyib: «Bir neçə idarə rəhbərlərinin fəaliyyətində ciddi nöqsan və qüsurlar olduğundan, onlar vəzifələrindən uzaqlaşdırılıb. Ancaq bu o demək deyil ki, bu insanlardan daxili işlər orqanlarında istifadə olunmayacaq».
Nazir bildirib ki, bu ilin 6 ay ərzində ölkədə 8676 cinayət hadisəsi baş verib ki, bu da ötən illə müqayisədə xeyli azdır. Qəsdən adam öldürmə, quldurluq və soyğunçuluq məqsədi ilə mənzillərə edilən soyğunlar azalıb. Banditizm və adamları girov götürmə cinayətləri ümumiyyətlə qeydə alınmayıb. Əməliyyat axtarış nəticəsində müxtəlif cinayətlər törətmiş 8171 şəxs məsuliyyətə cəlb edilib. Ötən illərdən bağlı qalan 272 cinayətin üstü açılıb.