İyulun 13-də Gəncədə inşa edilən yaşayış binası uçub. İki fəhlə xəsarət alıb.
«Turan»ın bölgə müxbiri xəbər verir ki, onlardan biri iyulun 14-də Gəncə şəhər Xəstəxanasında vəfat edib. İkinci fəhlənin sağlıq durumu ağır olaraq qalır.
Uçqunun nəticələri araşdırılır. Şəhər prokurorluğu istintaqa başlayıb. Bina 3-cü mərtəbəyədək inşa edilib. Layihəyə əsasən, bu, 9 mərtəbəli bina olmalıdır.
Bakıda, Fəhlə prospektində isə iyulun 14-də yeni binada uçqun olub, həmin bina «Luna park»ın yaxınlığında yerləşir.
ANS PRESS xəbər verir ki, binanın birinci mərtəbəsinin beton dirəkləri uçub fəhlələrin üstünə tökülüb. Bir necə nəfər yaralanıb. Ölənlər barədə məlumat yoxdur.
İki həftə öncə isə iki fəhlə Bakıda inşa edilən yeni binanın 17-ci mərtəbəsindən yıxılaraq həlak olublar.