«Şərqdə, Ukraynada və Belarusda, Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verənlərin Avropa üçün həyati əhəmiyyəti var»-bu sözləri ATƏT-in Parlament Assambleyasının sədri Qoran Lenmarker assambleyanın iyulun 5-də Kiyevdə işinə başlayan 16-cı sessiyası ərəfəsində verdiyi müsahibədə söyləyib.
Onun dediyinə görə, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın gənc demokratik respublikalarının hələ görüləsi çox işi var. PA-nın sədri bu regionlarda həll olunmamış qalan münaqişələri, xüsusilə də Dağlıq Qarabağ münaqişəsini vurğulayıb. Abxaziya, Cənubi Osetiya və Dnestryanının problemlərini qeyd edib.
Vaxtilə ATƏT-in PA-sında Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə kimi çalışmış Lenmarker bu problemlə bağlı yaranmış hazırkı vəziyyəti «qızıl imkan» adlandırıb: «Bir müddətdir ki, mən bu münaqişənin həlli üçün qızıl imkanın yarandığını deyirdim. Cənubi Qafqaza səfərimdən sonra mən bu imkanın olduğuna həmişəkindən daha çox inanıram». Onun dediyinə görə, Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu bütün tərəfləri narahat edən əsas məqamları özündə əks etdirmiş bir çərçivə sazişi hazırlayıb təqdim edib. Sənəd iki ölkə liderləri tərəfindən imzalanmaq üçün hazırdır. Qalır siyasi iradə nümayiş etdirmək.
«Alternativ yolu, yəni yeni müharibəni ağla belə gətirmək olmaz. Sülh sazişi iki ölkəyə çox böyük üstünlüklər verəcək. Yüz minlərlə məcburi köçkün və qaçqın öz yurd-yuvasına dönüb normal həyata başlaya biləcək. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlliylə bu iki ölkə Gürcüstanla birgə əsl təhlükəsiz, demokratik və çiçəklənən bir region qurmaq istiqamətində işləyə biləcəklər».
Lenmarker onu da deyib ki, Qərbi Avropa şərqə doğru irəlilədikcə yeni, müstəqil xalqların quruculuğundakı çətinlikləri başa düşməlidir. Bu iş bir günə başa çatdırıla bilməz. O, deyib ki, təkcə həmin xalqlar naminə yox, həm də bütün Avropa naminə bu işi davam etdirməliyik.