Bir neçə gündür ki, Qobustan həbsxanasında aclıq keçirən ömürlük həbsə məhkum olunmuş dustaqlardan daha 8-i aksiyanı dayandırıb. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin şöbə müdiri Rafiq Ramazanovun sözlərinə görə, hazırda aclıq edən 28 məhbus həkim nəzarəti altındadır. «Məhbuslara aclığı dayandırmaq üçün həbsxana rəhbərliyi tərəfindən heç bir təzyiq göstərilmir, bu, onların hüququdur», - deyən cənab Ramazanov bu haqda yayılan söz-söhbəti əsassız adlandırır.
Aksiya keçirən məhbusların yaxınları isə dustaqların həkim nəzarətində olmadığını bildirirlər.
İyunun 20-dən ömürlük həbsə məhkum olmuş 38 məhkum aclıq aksiyasına başlayıb. Dustaqlar onlara verilmiş ömürlük cəzanın 15 illik həbs müddətiylə əvəz olunmasını tələb edirlər.