ABŞ Rusiyanın Qəbələ RLS-nin birgə istifadəsinə dair təklifini qəbul etsə belə İran istiqamətindən raket təhlükəsi aradan götürülməyəcək. Bu fikir ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyinin direktoru Henri Oberinqə məxsusdur: «Əgər biz Rusiya ilə kompromisə getsək, yenə də İranın raket zərbəsi təhlükəsi ilə üz-üzə qalacağıq».
«Trend» xəbər verir ki, Oberinq iyunun 15-də «Yomiuri» qəzetində dərc olunan müsahibəsində belə deyib.
Oberinqin sözlərinə görə, İranın uzaq məsafə üçün nəzərdə tutulan ballistik raketlərinin uçuş trayektoriyası öyrənilib və bunun əsasında Çexiyada RLS-i, Polşada isə onun istiqamət verdiyi raketləri yerləşdirmək qərara alınıb. Amerikalı hərbi ekspert belə bir sxemi optimal sayır. Müvafiq işlərin 2011-2013-ci illərdə yekunlaşdırılması planlaşdırılır.
«Biz Rusiyanın buna razılıq və icazə verməsini xahiş etmirik»-deyə Oberinq vurğulayıb.
Eyni zamanda Oberinq bildirib ki, ABŞ hazırda Qəbələ RLS-nin yaradılma mərhələsində olan raketdən müdafiə sisteminin elementi qismində istifadəsi imkanlarını öyrənir. Onun sözlərinə görə, Qəbələ RLS-i təhlükə mənbəyini izləyə bilir, lakin bu, müvafiq obyektin məhv edilməsi üçün kifayət deyil.
«Əgər Rusiya bizə qoşulsa və biz yaradılan sistemdən birgə yararlana bilsək, bu, İran və Şimali Koreyanın ünvanına ciddi xəbərdarlıq olacaq»-deyə Oberinq qeyd edib.
Vladimir Putin iyunun 7-də G8 sammiti çərçivəsində ABŞ prezidenti Corc Buşla görüşündə Amerikanın Avropada raketdən müdafiə sistemi yerləşdirilməsi əvəzində Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadəni təklif edib.