«Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti regionda ən pislərdən biridir. Son ildə bu ölkənin hakimiyyəti jurnalistlərin azadlığını və hüquqlarını ciddi şəkildə pozan bəzi qanunverici və praktiki addımlar atıb».
Bunu Norveç hökumətinin keçirdiyi «Inter-Media-Dialogue» beynəlxalq konfransında çıxış edərkən söz azadlığını beynəlxalq müdafiə təşkilatı «Article 19»un rəhbəri Anyes Kalamar deyib.
Azərbaycanda söz azadlığının vəziyyətini təsvir edən Kalamar bildirib ki, KİV-lərə narahatlıq doğuran təzyiq tendensiyası müşahidə olunur.
Öz qiymətləndirməsini «Turan»a şərh edən xanım Kalamar deyib ki, beynəlxalq ictimaiyyətin Azərbaycandakı vəziyyətə reaksiyası birmənalı deyil: «Təəssüf ki, Azərbaycanın iri neft ixracatçısına çevrilməsi bu ölkədə söz azadlığının möhkəmlənməsinə şərait yaratmayıb və bir çox ölkələrin hökumətlərinin bu ölkədə demokratiya normalarını tənqid etmək istəyi azalıb».
Onun sözlərinə görə, neft gəlirləri Azərbaycan hakimiyyətinə əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmağa imkan verib: «Eyni zamanda, rəsmi Bakı özünün beynəlxalq imicinin yaxşılaşdırılmasına daha çox vəsait xərcləməyə başladı. Bu cür addımlarla hökumət müəyyən mənada xarici tənqidi yumşalda bilir».
«Article 19»un rəhbəri hesab edir ki, Azərbaycan mətbuatı siyasiləşmədən, konkret siyasi qüvvələrə bağlılıqdan və jurnalist etikasının pozulmasından əziyyət çəkir. «Belə vəziyyətdə Azərbaycanın demokratik mətbuatı daha möhkəm olmalı və baş verənlər haqqında beynəlxalq təşkilatları məlumatlandıraraq, onlarla sıx əməkdaşlıq etməlidir», - deyə Anyes Kalamar bildirib.