Türkmənistanla Azərbaycan Xəzərin statusunu müzakirəsi üçün ikitərəfli hökumətlərarası komissiya yaratmaq barədə razılığa gəliblər. Xarici İşlər naziri Elmar Məmmədyarov bunu çox yaxşı nəticə adlandırıb. Hazırda tərəflər həmin komissiyada hansı nazirliklərin təmsil olunacağı məsələsini müzakirə edirlər. Yaxın vaxtlarda bu məsələ ilə bağlı Aşqabada nümayəndə heyəti gedəcək.
XİN rəhbərinin sözlərinə görə, iyunun 20-dən sonra o İrana rəsmi səfərə gedəcək. Həmin səfər çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də Xəzərin statusudur.
Türkmənistan tərəfi sabiq prezident Saparmurad Niyazovun vaxtından Xəzərin Azərbaycan hissəsində yerləşən Kəpəz yatağına iddia edir. Həmin yataq «Sərdar» adlandırılır. Azərbaycan Xəzərin bölgüsünə dair 1971-ci il sazişinə əsaslanır. Bu isə Türkmənistanla yanaşı, İranı da qane etmir.