Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

«Mənə dəyən ziyanı kim ödəyəcək?»


Obyektlərin sökülməsi hələ davam edir…
Obyektlərin sökülməsi hələ davam edir…

«Mən üz qırxdığım yerdə traktorla köşkümü dağıtdılar. Müştəri qarışıq çölə qaçdıq. Bərbərəm, 11 ildir burda işləyirəm. Hər şeyim orda qaldı. Mənə dəyən ziyanı kim ödəyəcək? Allah haqqı 10 min dollar da kredit götürmüşəm. İndi məni tutacaqlar?»


Həbs ediləcəyindən qorxan Elman Abbasovdur. Dünən axşama kimi onun metronun «Əzizbəyov» stansiyası yaxınlığında kiçik bərbər köşkü də, balaca dükanı da vardı. Amma mayın 23-də axşam saat 18-də metro stansiyası yaxınlığındakı «Merkuri» Ticarət Mərkəzinin, eləcə də bu ətrafda yerləşən bütün kafelərin, xırda dükanların, təmir sexlərinin sökülməsi ilə təxminən 2 mindən artıq adam kimi o da işsiz-gücsüz qalıb. Özünün dediyinə görə, on bir ildə qurduğu işi 10 dəqiqənin içində traktorun yedəyində gedib.


Nizami Rayon İcra Hakimiyyətindən bildirirlər ki, Əzizbəyov metrosunun yaxınlığındakı obyektlərin sökülməsi həmin ərazidə yolun genişləndirilməsi, yeni yol ötürücüsünün quraşdırılması ilə bağlıdır. Bir müddət əvvəl Energetika və Sənaye naziri Natiq Əliyev demişdi ki, Heydər Əliyev prospektindəki bütün obyektlər söküləcək, sənaye obyektləri şəhər kənarına köçürüləcək. Deyəsən Əzizbəyov metrosunun yaxınlığındakı obyektlərin sökülməsi də bu prosesin tərkib hissəsidir.


Ticarət mərkəzinin sökülməsi nəticəsində təxminən 2 mindən artıq adam işsiz qalıb
Əmlakları dağıdılan sahibkarlar heç də tikintiyə qarşı deyillər. Onların şikayəti budur ki, bu haqda onlara niyə vaxtında xəbərdarlıq edilməyib? Niyə onları başqa yerə köçürmək haqda təklif olmayıb? Elə buna görə də traktorlar obyektləri dağıtmağa başlayanda rəsmilərlə camaat arasında qarşıdurma da olub, amma polisin müdaxiləsi ilə ara sakitləşdirilib.


«Merkuri» Ticarət Mərkəzində işləyənlər qaçqınlar və əksəriyyəti də Füzuli rayonundan olan məcburi köçkünlərdir. Deyirlər ki, biz bununla ikinci dəfə qaçqın düşdük. Çoxu bankdan kredit götürüb, işini böyütmək istəyib, aeroport yarmarkasından, 8-ci kilometr qəsəbəsindəki bazardan mal gətirdib, amma hamısı indi borclu qalıb.


«Biz Ermənistandan çıxanda belə hərəkət görmədik, heç olmasa onda bizə bir ay vaxt verdilər ki, yığışın».


Qəssab olan Fərrux isə deyir ki, ticarətini böyütmək üçün bankdan kredit götürübmüş: «Dükanı ət qarışıq sökdülər, 12 ildir burda işləyirəm. Dükanı sökdülər. Dedim heç olmasa icazə verin, soyuducunu götürüm, 3 min dollar pul vermişəm. Faizlə borc götürüb almışam. Bankın pulunu bu obyektlə ödəyirdim. Ay İlham Əliyev, ay Mehriban xanım, bankın pulunu hardan verək? Demək mən pulu verə bilməsəm məni tutacaqlar, mən-zəhmətkeş insan cinayətkar olacağam?»


Nizami Rayon İcra Hakimiyyətindənsə deyilənlər təkzib olunur, bildirirlər ki, camaata üç gün əvvəldən xəbərdarlıq edilib. Bundan başqa, komissiya yaradılıb, inventarlaşdırma işləri aparılıb. Orada çalışanların başqa yerə köçürülməsinə və ya maddi təzminat ödənməsinə gəlincə, icra hakimiyyətindən bildirirlər ki, müraciət olunarsa, araşdırıb cavab verəcəklər.


Bu durumda vəziyyətə aydınlıq gətirə biləcək adamsa bazarın direktoru ola bilərdi ki, o da dünən axşamdan qaçaq düşüb. Bəziləri deyir ki, bazarın rəhbəri özü də baş verənlərdən xəbərsizmiş, kimi də deyir ki, bazarın söküləcəyi haqda əvvəlcədən söhbət gedirmiş, sadəcə vaxtı bilinmirmiş. Bazar rəhbərliysə camaatı dünənə kimi əmin edirmiş ki, narahat olmayın.


«Biz Ermənistandan çıxanda belə hərəkət görmədik, heç olmasa onda bizə bir ay vaxt verdilər ki, yığışın»
«Bazarkoma yaxınlaşdım ki, malı götürüm, dedi götür, mən indi neyləyim? Kimdən kömək istəyim. Maşını üstümə sürdülər, sökürlər bazarı, bir dənə pəncərə qoymayıblar, oğurluq edirlər…»


Burdakı kafelərdən birinin sahibi olan Fərrux Nəbiyevsə artıq pəncərələri, qapıları sındırılmış, kafenin ortasında oturub başını qucaqlamışdı. Deyir ki, buranı özəlləşdirib, bütün sənədlər də əlindədir. Sahibkar kimi əvvəldən xəbərdar edilməyib də. Başqa yerə üz tutmaq niyyəti də yoxdur: «Kimə müraciət edim, hökumət özü sökür».


Mən artıq dağıdılmış əraziyə çatanda burda ən böyük obyekt, el arasında «Əzizbəyov bazarı» kimi tanınan «Merkuri» Ticarət Mərkəzi sökülüb qurtarmışdı, indi traktor qarşı tərəfdəki kafeni, dükanları sökürdü. Qəhərdən boğula-boğula danışan Şahmar Qurbanov bu bazarda nəzarətçi işləyirmiş. Deyir ki, bu hərəkətlə xalqı dövlətin, dövlət başçısının üstünə qaldırmaq istəyirlər. «Əzizbəyov» metrosunun ətrafında elə obyekt sahibləri qədər də polis əməkdaşları vardı. Amma camaat ondan şikayətlənirdi ki, polisin çoxluğuna rəğmən onların toz-torpaq altda qalan mallarını da, obyektlərindən olub-qopanı da talan edənlər var. Nizami Rayon Polis İdarəsinin əməkdaşları isə asayişi qoruduqlarını deyirlər. Polis bildirir ki, oğurluq hadisəsi qeydə alınmayıb. Bəlkə bu söhbəti elə burda başa vurmaq da olardı. Amma bu vurhavurda ziyan təkcə, burda çalışanlara dəyməyib. Bəxtiyar Quliyev adlı bir gənc deyir ki, elə dünən axşam telefonunu təmir üçün burdakı köşklərdən birinə verib. Bu günsə gəlib görüb ki, «lələ köçüb, yurdu qalıb». «Dünən verdim, dedilər ki, gəl götür, indi baxıram köşk yoxdur. Polis də deyir başqa yerə köçürəcəklər…»


Obyektlərin sökülməsi hələ davam edir…


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG