Sərbəst toplaşmaq, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının, fikri ifadə etmək azadlığının pozulduğunu iddia edən bir qrup jurnalist Bakı Şəhər İcra Hakimiyyətini, Bakı Şəhər Baş Polis İdarəsini və Səbail Rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə iddianı təmin edərsə, dövlət qurumları iddiaçılara 4.500.000 manat təzminat ödəməli olacaq.
Media Hüququ İnstitutunun yaydığı məlumata görə, jurnalistlər məhkəmədən həmçinin 17 aprel və 15 may 2007-ci il tarixli piketlərə cavabdehlərin müdaxiləsini qanunsuz hesab edən, eyni yerdə iddiaçılara piket keçirilməsinə icazə verilməsini nəzərdə tutan qətnamə qəbul etməsini xahiş edirlər.
Jurnalistlər bildirirlər ki, 17 apreldə keçirilməsi planlaşdırılan piketlə bağlı həmin tarixdən 7 gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilsə də, təşkilatçılara piketin keçirilməsi ilə bağlı heç bir cavab verilməyib. BŞİH-in irad bildirməməsi jurnalistlərə aksiyanı keçirməyə əsas verib. Ancaq Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları piketə icazə verilməməsi əsası ilə aksiyanın baş tutmasına imkan verməyiblər. 15 may tarixində keçirilməsi planlaşdırılan piketlə bağlı da eyni hal təkrarlanıb.