Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 08:20

«Mən siyasi sifarişlə həbs olunmuşam»


Fərhad Əliyev: «İndi korrupsiyada boğulanlar məni korrupsiyada ittiham etmək istəyirlər»
Fərhad Əliyev: «İndi korrupsiyada boğulanlar məni korrupsiyada ittiham etmək istəyirlər»

«Mən siyasi sifarişlə həbs olunmuşam. Haqqımda olan qondarma cinayət işi həmin sifarişin nəticəsidir. İstintaq dövründə törədilən qanunsuzluqlar da bu sifarişdən qaynaqlanıb. Dövlət çevrilişi bəhanəsilə həbs olunduğum halda, bu ittiham iflasa uğradığından, indi korrupsiyada boğulanlar məni korrupsiyada ittiham etmək istəyir. Mən bu cılız, cəfəng və uydurma ittihamların yox, dövlət çevrilişi ittihamının araşdırılmasını tələb edirəm». «Turan»ın məlumatına görə, bu bəyanatla sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev mayın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hazırlıq iclasında çıxış edib.


Sabiq nazir 19 aylıq həbs dövründə təhdidlərə məruz qaldığını bildirib: «Mənəvi dəyərlər, adət-ənənələrimiz və haqq-salam xatirinə dözdüm. Başa düşmədilər. Üzümü qərar verənlərə tutub, onları bu haqsızlığa son qoymağa çağırıram».


F.Əliyev müdafiəçilərinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında vəsatətlərini müdafiə etdiyini bildirib: «Vəsatətdə mənim hansı üsullarla istintaqa cəlb edildiyim, mənə qarşı törədilən haqsızlıqlar və istintaqın qərəzliliyi, haqqımda uydurulan böhtanlar və bir sıra digər məsələlər aydın şərh edilib. Təqsirsiz olduğum və üzləşdiyim ittihamların absurdluğu kifayət qədər əsaslandırılıb».


Sabiq nazir həmçinin həbsindən də danışıb: «2005-ci il oktyabrın 19-da günorta MTN-in iki müavini iş otağıma gələrək məni MTN-ə apardılar. Səkkiz saat müxtəlif otaqlarda gözlətdikdən sonra, axşam saat 10-da məni guya dövlət çevrilişinə cəhd etdiyimə və kütləvi iğtişaşlar hazırladığıma görə saxladılar. Rəsmi sənədlərdə şübhəli şəxs kimi göstərilsəm də, əslində, elə həmin gün mənə bu ittihamlar elan edildi. Bilmirdim ki, barəmdə artıq qəti qərar verilib. Qanun müstəvisindən kənar heç bir əməl törətmədiyimdən, hər hansı şəkildə məsuliyyətə cəlb ediləcəyimi istisna edirdim. Prokurorluq və MTN rəhbərliyi mənim cinayət törətmədiyimi bilirdi. Çox tez bir zamanda mənim Rəsul Quliyevlə əlaqəmin olmadığı, Fikrət Yusifovla yalnız onun məişət problemlərilə əlaqədar görüşdüyüm ifadələrlə təsdiqini tapdı. O da istintaqa bəlli oldu ki, mənim F.Yusifovla nəinki dövlət çevrilişi, hətta hakimiyyət barədə söhbətim belə olmayıb. F.Yusifov da istintaqa bildirib ki, heç bir dövlət çevrilişi planlaşdırılmayıb».


Sabiq nazir həmçinin həbsinin səbəbini gördüyü işlər, apardığı siyasətlə bağlı olduğunu bildirib. «Məgər yoxsulluğun azaldılmasına çalışmaq, iş yerləri açmaq, insanların güzəranını yaxşılaşdırmaq, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı genişləndirmək, monopoliya və korrupsiya ilə mübarizə aparmaq, Azərbaycanın gələcəyinin Rusiya ilə bağlı olmadığını, tərəqqimizi Qərbə inteqrasiyada görmək və bunu əminliklə təbliğ etmək dövlət çevrilişi adlanır?», - deyə F.Əliyev sual edib.


Onun fikrincə, dövlət çevrilişi ittihamı bəhanə olub: «Niyyətlərinin baş tutmadığını gördükdə, növbəti ağlasığmaz tələblər irəli sürdülər. İstəyirdilər ki, Fikrət Yusifova borc verdiyim pulun Rəsul Quliyevə çatacağını və dövlət çevrilişində istifadə ediləcəyini, «narıncı inqilab» etmək niyyətim olduğunu və məni buna ABŞ, Böyük Britaniya, Almaniya və digər Qərb dövlətlərinin rəsmilərinin, eləcə də, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin təhrik etdiyini etiraf edim, dövlət başçısından üzr istəyib, əfv olunmağımı xahiş edim. Bundan sonra azad olunmağım üçün 100 milyon dollar ödəməyə razılıq verməli idim. Lakin hər bir ləyaqətli insan kimi mən də bu tələbləri qətiyyətlə rədd etmişəm. Elə bu səbəbdən də mən və burada əyləşən günahsız şəxslər həbsdədir».


XS
SM
MD
LG