Türkiyə prezidenti postuna yeganə namizəd olan Abdulla Gül öz namizədliyini geri götürüb.
Buna səbəb hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təkrar səsvermə üçün yetərsay toplaya bilməməsi olub. Müxalifət bu dəfə də iclası boykot edib. AKP parlamentin üçdə iksinin və ya 367 deputatın iştirakını təmin edə bilməyib.
Mayın 1-də Konstitusiya Məhkəməsi yetərsay olmadığından, seçkinin birinci turunu ləğv etmişdi.
İslam yönümlü partiyanın üzvü, hazırkı Xarici İşlər naziri Abdulla Gülün prezident olma perspektivi Türkiyədə dünyəvi dövlət tərəfdarlarının kütləvi etirazına səbəb olmuşdu. Dünyəvi hakimiyyətin ənənəvi qarantı olan ordu da kəskin narazılığını bildirmişdi.